"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə matçı dəyərləndirib...
- Bizim üçün asan görüş deyildi, oyuna çox ciddi yanaşırdıq. Halbuki "Sumqayıt"la oyuna belə yanaşmamışdıq. Yaxşı hazırlıq oyunu oldu. Futbolçularım yüksək peşəkarlıq göstərdilər. Düşünürəm ki, bizə çox faydalı oldu.
- Çempionatda ilk dövrə arxada qaldı. Komandanızın çıxışını necə dəyərləndirirsiniz: Nədən razı, nədən narazısınız?
- Məncə, hər şey necə olmalı idisə, elə də oldu. Ötən illə müqayisə eləsək, onda komandanı daha tez yığmışdıq, daha erkən birlikdə hazırlaşmışdıq. Onda bizdə böyük işlər görmək və öz üslubumuzda yaxşı oynamaq üçün şərait yaradılmışdı. Bu il isə bizdə sadəcə vaxt çatmadı. Zaman keçdikcə formamızı yığırıq və istədiyimiz futbolu oynamağa başlayacağıq. Digər tərəfdən, hadisələrin gedişatı da bizim üçün yaxşı olmadı. Demək olar ki, hər oyunda vacib bir futbolçumuzu itirdik. Filip Ozobiç, İlqar Qurbanov bizim üçün vacib futbolçulardı və onların xidmətindən məhrum olduq. Bu gün isə Stiven Jozef-Monroz zədələndi. Nə baş verirsə, hamısı qanunauyğundur. Sadəcə, bunlara dözməliyik. Məhz belə vaxtlarda özündə güc tapmaq, dözmək, mübarizə aparmaq, hər şeyə rəğmən, daha yaxşı məşq etmək lazımdır. Bu halda işlər qaydasına düşəcək.
- Özünüz də vurğuladınız ki, komanda hələ ideal formada deyil. "Qəbələ"ni işgüzar formada görməyimiz üçün nə qədər vaxt lazımdır?
- Bu barədə dəqiq nəsə demək çox çətindir. Ancaq düşünürəm ki, tezliklə istədiyimiz səviyyəyə çatacağıq. Artıq iki dəfə belə çətinliklə üzləşmişik və vəziyyətdən tez çıxa bilmişik. Bu il isə futbolçuların, xüsusilə də legionerlərin adaptasiya prosesi uzun çəkdi. Onların bəziləri bütün yay boyunca məşq etməmişdilər. Bütün bu nüanslar sistemli işi ləngidir. İdmanın öz qanunları var, buana görə də məni heç nə təəccübləndirmir. Ürəyimdə mən də istəyirəm ki, hər şey sürətlə inkişaf etsin, ancaq bu il bir az vaxt aparacaq.
- Stiven Jozef-Monrozla Ruslan Qurbanov arasındakı insident geniş rezonans doğurdu. Vəziyyətin artıq tamamilə nəzarət altına alındığını demək olarmı?
- Belə şeylər hər komandada ola bilər. Özü də dəfələrlə. Bu qədər müzakirə olunmasına səbəb isə hər kəsin, kameraların önündə olmasıdır. Öz aramızda hər şeyi yoluna qoyduq. Buna sizinlə müzakirə etmədən də qadirik. Bu barədə artıq danışmağa dəyməz. Əlbəttə, hər şey araşdırılıb, məsələ yoluna qoyulub.
- Futbolçuların münasibətləri tam qaydasındadı?
- Bəlkə də bir dəqiqə sonra hər şey unudulmuşdu və onlar barışmışdılar. Uzun müddət müzakirə mövzusuna çevrilmiş məsələ olduğunu düşünmürəm. İnanmıram ki, komanda daxilində hansısa intriqa və kin mövcud olsun. Ümumiyyətlə, bu, haqqında çox danışılacaq məsələ deyil.
- Ruslan Qurbanovun komandadan getmək ehtimalı varmı?
- Bu barədə yalnız sizdən eşidirəm. Ruslanın özü belə bir şey deməyib. Heç bir rəsmi müstəvidə onun hansısa başqa komandaya keçidi müzakirə olunmayıb.
- Bəs siz Qurbanovun çıxışından razısınız?
- Düşünürəm ki, hər bir futbolçu indikindən daha yaxşı çıxış edə bilər və etməlidir. Ruslanın da indikindən yaxşı çıxış etməyə potensialı var. Ancaq bunun obyektiv səbəbləri də var. Zədə səbəbindən mövsümün əvvəlindəki məşqləri buraxdı, bir neçə oyunda meydana çıxa bilmədi. Ona bir az vaxt lazımdır. Potensialı isə əlbəttə ki, var. Ona ümid edirik.
- Yay transfer müddətində bir qədər gecikdiniz və bu, sizə çətinlik yaratdı. Qış üçün indidən hazırlaşırsınız? Nəzərdə tutduğunuz oyunçular var?
- Biz yayda hər şeyi düzgün elədik. Bir az geciksə də, düşünürəm ki, dəvət etdiymiz oyunçular müəyyən müddətdən sonra komandaya çox xeyir verəcəklər. Deyə bilərəm ki, artıq irəliyə doğru addımlar atılır. Zamanla bizim istədiyimiz kimi olacaqlar. Heç kimə irad tuta bilmərəm. Real, obyektiv səbəblər var.
- Biz yeni oyunçular olub-olmayacağını soruşmuşduq...
- Real işlər həmişə görülməlidir. Yeni oyunçular haqqında həmişə düşünürük. Hətta əlində 20 nəfər əla futbolçu olsa da, yenə də kimisə axtarırsan. Bu, normal prosesdir. Təbii ki, bütün ilboyu futbolçu axtarışındayıq. Daim yüksək yerlər uğrunda mübarizə aparan hər bir komanda bunu etməlidir. Bu istiqamətdə hər zaman iş aparmalıyıq.
- Qarşıda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə qarşılaşacaq Ukrayna millisindən nə gəzləyirsiz?
- Təbii ki, ölkəmin komandasının qələbə qazanmasını ürəkdən istəyir və arzulayıram. Öz evində, güclü azarkeşlər önündə qalib gəlib dünya çempionatına yollanmaq əla olacaq. Bu, əla hadisə sayılacaq.