"Hər zaman olduğu kimi bu gün də "İnter"ə qarşı oynamaq çətin idi. Futbolçularımız qələbə qazanmaq üçün sona qədər çalışdılar, mübarizə apardılar. "İnter"in problemləri osla da, yaxşı təsir bağışladı. Xüsusilə də müdafiədə diqqətli oynadılar".
Spoetnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VIII turunda "İnter” üzərində 2:0 hesablı qələbə haqda danışarkən söyləyib. 45 yaşlı mütəxəssis deyib ki, zədələri sağalan Dani Kintana, Riçard Almeyda və Yakub Jezniçak süni meydança amilinə görə "İnter"lə görüşdə iştirak etməyiblər.
- Miçel Maderanın durumu necədir?
- Dünən və bu gün fərdi qaydada məşq edib. Durumu ilə bağlı dəqiq məlumat verə bilməyəcəm. "Atletiko"ya qarşı oyanacağı bilinmir.
- Rahid Əmirquliyevin Azərbaycan millisinin kapitanı kimi Almaniya ilə görüşdə dövlət himnini oxumaması müzakirələrə səbəb oldu. Buna sizin münasibətiniz necədir?
- Siz elə deyirsiniz ki, Rahidi aparıb içəri salmaq lazımdır. Futbolçunu üstünə bu cür aqressiv getmək olmaz. Himn oxumamaq vətəni sevib və ya sevməmək demək deyil. Rahidin necə əxlaqa sahib olduğunu da bilirik, vətənə sevgisini də. Açığı, bu barədə məlumatım yox idi. Azərbaycan futboluna 12-15 il xidmət edən futbolçulara hörmət etmək lazımdır. Rahid nümunəvi futbolçudur. Bir futbolçu və azərbaycanlı kimi həmişə Əmirqukliyevə qibtə etmişəm.
- Ağabala Ramazanov xeyli vaxtdır görünmür...
- Zədəsi var. Hələ komandaya qoşulmayıb. Bir neçə günə bizimlə məşq edəcək.
- Dino Ndlovunun vəziyyəti necədir?
- Elə güclü zərbə olmadı. Topa zərbə zamanı rəqib oyunçu ayağına vurdu.
- Almaniya ilə oyunda yaxşı təsir bağışlayan Ramil Şeydayevi niyə meydana buraxmadınız?
- Oyunun gedişatında fikrimdə vardı. Lakin çox dəyişikliyə əl ata bilmədim. Matçın gedişatı buna imkan vermədi. Hər şey istədiyimiz kimi olsaydı Maksim Medvedevi və Dani Kintananı da meydana buraxacaqdım.