Topaz Premyer Liqasının 8-ci turunda səfərdə "Zirə”yə 0:3 hesabı ilə uduzan "Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib...
- Çox pis oynadıq. Bu, bizim oyunumuz deyildi. Oyunumuzu əks-hücumlar üzərində qurmuşduq. İlk hissədə oyunumuz alındı. Rəqib müdafiəmizi yara bilmədi. Ancaq ikinci hissədə hər şey dəyişdi. İrəli atılıb, qol vurmaq istədik. Bunun da nəticəsində qapımızda 3 qol gördük. Çox acınacaqlı məğlubiyyətdir. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq.
- Komanda keçən turda "Qəbələ”ni məğlub etmişdi. Bu gün isə böyük hesabla uduzdu. Sizcə, bunun səbəbi nədir?
- Ustalığımız o səviyyədə deyil. Qol buraxanda geri dönüş edə bimirik. "Zirə”nin ustalıq səviyyəsi bizdən çoxdur. Buna görə hesabda geri düşdükdən sonra cavab qolu vura bilmədik. Əvəzində rəqib iki dəfə fərqləndi.
- Növbəti turda cari mövsümdə ilk dəfə evdə çıxış edəcəksiniz...
- Futbol ev və ya səfər oyunundan ibarət deyil. Müasir futbolda bu cür anlayış yoxdur. Bu gün stabil oyun nümayiş etdirə bilmirik. Əsas problem budur. "Qəbələ”ni səfərdə məğlub etmişdik. Düzdür, ev qarşılaşmasında azarkeş amili müəyyən kömək edir, futbolçulara motivasiya verir. Heyətimizin böyük hissəsi yenilənib. Hər oyun fərqli çıxış edirik.
- Rəqibləriniz əvvəllər Gəncədə büdrəyəndə, buna səbəb kimi ot örtüyünü göstərirdilər. Sizcə, stadionun ot örtüyünün dəyişdirilməsi sizin xeyrinizə olacaq, yoxsa ziyanınıza?
- Keçən mövsümdə evdə daha çox xal itirirdik, nəinki səfərdə. Ot örtüyünün dəyişdirilməsi bizim də xeyrimizə olacaq. Nəticədən asılı olmayaraq, əsas odur ki, keyfiyyətli futbol izləyəcəyik.
- Qarşıdakı oyunlarda hansısa dəyişiklik gözlənilir?
- Bizim əlimizdə olan budur. Nə isə dəyişiklik edəcəyiksə, bu, taktiki dəyişiklik ola bilər.