"Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqib fiziki cəhəddən daha güclü idi. Oyun başlayanda hərəkətdə olduq. Qol epizodları yaratmağa çalışdıq. Çox təəssüf ki qırmızı vərəqə işimizi korladı. Bununla belə, komandamız ruhdan düşmədi, daha da inamlı, aqressiv və sürətli oynamağa başladı. Nəticədə 3 xal qazana bildik”.
Sportnet.az-ın məlumatına görə bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev evdə "Səbail"i 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Müdafiəçi penalti epizodu ilə bağlı fikirlərini bölüşüb: "Futboldur. Ancaq televizorda baxanlar həmin an bilirlər, penalti var, yoxsa... Penaltiyə oxşar epizod idi. Heç kim dəqiq deyə bilməz ki, orada nə baş verib. Epizoddan bir az uzaq idim. Qalib gəlmək istəyirdik. Ona görə də futbolçular hakimə tərəf getdi. Onları da başa düşmək lazımdır. Çünki 90 dəqiqə ərzində top bizdə qalırdı. İstəyirdik ki, qol vuraq və qalib gələk".
Medvedev komandanın debütanta çətinliklə qalib gəlməsinin səbəbini belə izah edib: "Zədəli futbolçularımız var. Bəzi mövqelərdə dəyişikliklər olub. Çoxdan oynamayanlar da bu matçda iştirak etdilər. Ona görə bir-birimizi başa düşə bilmirdik. Baş məşqçi bizi başa salıb ki, bu oyun çox vacibdir və rəqib bizə başağrı ola bilər. Belə də oldu. Sonunda bizim üçün yaxşı qurtardı".
Təcrübəli müdafiəçi artıq bütün fikirlərinin oktyabrın 31-də İspaniyada "Atletiko” ilə keçirəcəkləri matça yönəldiyini söyləyib: "Qarşıdakı oyunda iştirakım sual altında idi. Amma zədəm məni çox incitmədi. İnanıram ki, "Atletiko” ilə oyunda daha yaxşı çıxış edəcəyəm. Həmin görüşdə komandamız başqa cür futbol oynayacaq".