
"Qəbələ" komandası Topaz Premyer Liqasının XI turunda "Səbail"lə keçirəcəyi ev oyununun hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesi "Bakı" klubunun təlim-məşq bazasında baş tutub.
Məşqlərə zədəsini tam sağaldan İlqar Qurbanov da qatılıb. Hazırda özünü yaxşı hiss edən təcrübəli yarımmüdafiəçi şans veriləcəyi halda paytaxt təmsilçisinə qarşı oynaya biləcək. Əvəzində Filip Ozobiç fərdi məşqlə kifayətlənib. Xorvatiyalı yarımmüdafiəçidən əlavə, qırmızı vərəqə cəzalısı Cavid Hüseynov da qarşıdakı görüşü buraxmalı olacaq. Kapitan ötən tur "Zirə" ilə görüşdə rəqibinə bilərəkdən zərbə endirdiyi üçün meydandan qovulub.
"Qəbələ" Bakıdakı məşqləri noyabrın 2-də başa vuraraq, doğma rayona yollanacaq. "Səbail"lə matç noyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunun başlama saatı hələ açıqlanmır.