Gəncə şəhər stadionunda "Kəpəz" və "Qarabağ" arasında keçirilən Topaz Premyer Liqasının XI tur matçında hakimliklə bağlı insident baş verib. Sportnet.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, 27-ci dəqiqədə mübahisəli epizod yaşanıb.
Elvin Yunuszadənin kobud səhvindən sonra "Kəpəz"in hücumçusu Viktor Oseqeyl "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə təkbətək çıxıb. O, Şehiçlə mübarizədə yerə yıxılıb. Baş hakim Rəhim Həsənov penalti nöqtəsini göstərib. Bu zaman Ağdam komandasının oyunçuları FİFA referisinə kəskin etiraz ediblər. Həsənov Şehiçə sarı vərəqə göstərib. Lakin tezliklə o, penalti qərarını dəyişib.
Bu zaman yerli azarkeşlər baş hakimdən narazılıqlarını ifadə ediblər.