
"Gərgin oyun oldu. Belə də gözləyirdik. "Neftçi” son oyunlarda yaxşı oyun sərgiləmişdi. Ancaq bu gün uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da yerinə yetirdilər. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- İkinci qol vurulduğu zaman hakimin ofsayd qərarına ona barmağınızı silkəməklə etiraz etdiniz...
- Barmaq silkələməmişəm. Əlimi qaldıraraq etiraz etdim. Məncə, orada ofsayd yox idi. Var idisə də, hakim qərarı çox gec vermişdi. Matçdan sonra isə hakimlərə yaxınlaşıb, təşəkkür etdim.
- Deməli, hakimlikdən razı qaldınız...
- Kiçik səhvləri olsa da, ciddi narazılığım yoxdur.
- İlk 14-15 dəqiqə ərzində meydanın mərkəzini keçə bilmirdiniz. Bu, sizin tapşırığınız idi?
- Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik. "Neftçi”nin oyuna hücumlarla başlayacağını bilirdik. Buna görə, ilk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq.