"Kəpəz” – "Qarabağ” oyununda məlum epizodda penalti var idimi, yoxsa...?
Burada pauza verək və bir videoya baxaq. Bu, kimin üçünsə uzaq, kimin üçünsə o qədər də uzaq olmayan 1996-cı ildə baş vermiş hadisəyə aiddir. Deməli həmin il Avropa çempionatının finalında, Berti Foqstun rəhbərlik etdiyi Almaniya millisi ilə Çexiya yığması arasındakı oyunda hesab 0:0 ikən bu olay baş verir (videoda 5:22 dən həmin epizod başlayır). Çexiyalıların sürətli hücumunda Karel Poborski cərimə meydançasına girəndə yıxılır. Fikir verin, almaniyalı oyunçunun sürüşmə fəndində rəqibə təmas yoxdur, epizodun təkrarında bu, açıq-aşkar görünür. Amma hücumçunun yolunu müdafiəçi kəsir. Nəticədə Poborski onun ayağının üstündən tullanıb arxa ayağını da müdafiəçinin ayağına toxunduraraq, özünü yerə çırpır. Nəticədə referi penalti təyin edir. Patrik Berger isə zərbəni tora göndərərək, hesabı açır. Yəni, nə fair-play əlaməti olaraq, Poborski baş hakimə penalti olmadığını deyir, nə də komanda yoldaşı Berger topu qəsdən kənara vurur.
Bu epizod hələ o vaxt məndə sual doğurmuşdu. Gəldiyim qənaəti də indi sizinlə bölüşəcəyəm.
Hər şeydən əvvəl bu epizodun "Kəpəz” - "Qarabağ” oyunundakı epizodla mahiyyətcə eyni olması ilə hər halda razılaşarsınız.
İndi isə keçək həmin epizodla bağlı fikirlərimə. Məsələ burasındadır ki, futbolçu topla gedir və onu rəqibdən keçirib arxasınca qaçmaq istəyir. Bu zaman qarşısında yıxılan vəziyyətdə rəqib olduğundan məcbur olur ki, havaya tullansın. Belədə o, müvazinətini saxlaya bilməyib yıxılır. Təmas olmasa belə, onun yıxılmasının səbəbkarı qarşısına çıxan rəqib oyunçu, qapıçıdır.
Hə, deyə bilərsiniz ki, istəsəydi, yıxılmazdı. Elə isə guya əsl penalti epizodlarında hücumçunu güclə yerə sərirlər? Hücum edən komandanın oyunçusu topu rəqibindən keçirib, özünə toxunuş anını gözləyir ki, yerə atsın.
Haqqında danışdığımız epizodlarda hücum edən oyunçu lap yıxılmasa belə, yuxarı tullanmağa sərf edilən vaxt topa çatmağa mane olur.
Xeyir ola?! Niyə mən topa çatmağıma mane olan saniyələri kimə görəsə itirməliyəm? Bu kimsə rəqib olduğundan zəhmət çəkib borcunu ödəsin. Bu borc isə cərimə zərbəsidir.
Təkrar yazıram: Rəqib mənim qapağımı kəsməsəydi, göyə tullanmayacaqdım və burada qiymətli saniyələr itirməyəcəkdim. Vacib deyil ki, təmas olsun, rəqibin hərəkəti mənim topa çatmağıma və onu məhsuldar sonluqla yekunlaşdırmağıma mane olur. Rəqibin önümü kəsməsi məni göyə tullanmağa və vaxt itirməyə məcbur edir.
Belə. Bu yazı ilə heç də iddia etmirəm ki, epizodda penalti var idi, yaxud yox idi. Burada şəxsi fikirlərimi əsaslandırmağa çalışdım. Kimsə mənim kimi əsaslandırıb əksini iddia edə bilər. Kifayət qədər mübahisəli və müzakirəyə açıq epizoddur.
Adətən, belə epizodlarda üstünlük hakimin qərarına verilir. Həmin epizodda hakim hesab edirsə ki, qayda pozuntusu var və bu qayda pozuntusu penaltidir – deməli penaltidir.