Türkiyədə təşkil olunan "Limra Cup” turnirində növbəti qarşılaşmalar keçirilib. 
Sportnet.az-ın məlumatına görə, "Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası bu gün iki matçda qüvvəsini sınayıb. "Qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi "Vətən”lə üz-üzə gəlib. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub. Günün digər matçında "Qəbələ” Rusiya "Lokomotiv”i ilə qarşılaşıb. "Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar – 1:0. Ömər Ağababayevin qolu komandamızın ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.
Bunadək "Manavqatspor”a 10:0, "BD Spor”a 4:0, "Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn "Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan "qırmızı-qaralar" sabah son matçını keçirəcək. Rəqib 4 oyunda 12 xal toplayan "Beşiktaş” olacaq.
Qeyd edək ki, 7 komandanın iştirak etdiyi turnir dairəvi sistemlə keçirilir.









                 





    
    
    
    
    
    
    
    
    






















































