21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyununda Azərbaycan yığmasını Bakıda 7:0 hesabı ilə darmadağın edən Almaniya millisinin baş məşqçisi Ştefan Kunts oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, Kuntz əvvəlcə görüşü dəyərləndirib:
- Almaniyada da böyük hesabla qalib gəlməyimizə baxmayaraq, bu oyuna ciddi hazırlaşmışdıq. Azərbaycan millisi öz meydanında yaxşı oynayır. Bu oyunda xal itirə bilərdik. Buna görə də matça yaxşı köklənmişdik. Baş məşqçi kimi komandamın böyük hesablı qələbə qazanmasına görə şadam. Oyunun ilk dəqiqələrində qol vurduq. Komandam verdiyim tapşırıqları tam yerinə yetirdi. Futbolçularmın oyunundan tam razı qaldım. Komandam bu oyundan həzz alırdı.
- Futbolçu kimi karyeranız ərzində ən böyük uğuru 21 il əvvəl, Almaniya millisinin heyətində Avropa çempionu olarkən qazanmısız. Həmin vaxt baş məşqçiniz olan Berti Foqts uzun müddət Azərbaycan yığmasına rəhbərlik edib. O, ölkəmizdə çalışdığı zaman tez-tez Azərbaycanın futbol yox, şahmat ölkəsi olduğunu deyirdi. Millimizə 2 oyunda 13 top vurduqdan sonra sabiq baş məşqçinizə haqq qazandırırsız?
- Mən şahmat oynaya bilmirəm. Ona görə, deyə bilmərəm burada necə şahmatçılar var (gülür). Hər bir rəqibə hörmətlə yanaşıram. Buna görə, rəqibin oyununu qiymətləndirmək istəməzdim.
- Bu gün Azərbaycan millisindən nə gözləyirdiniz?
- Azərbaycan millisi bu gün ürəklə mübarizə apardı. Əsasən, standart vəziyyətlərdə təhlükə yarada bilirdilər.
- İlk oyunda 6:1 hesabı ilə qalib gəlmişdiz. Adətən, belə oyunlardan sonra futbolçular matça köklənmədə əziyyət çəkirlər. Bu oyundan sonra komandanızı Bakıdakı qarşılaşmaya necə kökləyə bildiniz?
- Komandamın üzvlərinin çoxu peşəkar futbolçulardır. Məsələn, Dahud "Borussiya”da tez-tez şans qazanır. Onların bir çoxu 80 min azarkeş qarşısında oynayıblar, 100 azarkeş qarşısında da eyni mübarizə aparmalı idilər. Buna görə, futbolçuları bu oyuna kökləmək üçün xüsusi nəyəsə ehtiyac olmadı.
- Stadiondan razı qaldınız?
- Meydança əla vəziyyətdə idi. Paltardəyişmə otaqları da təmiz və yaxşı vəziyyətdə idi. Dünən məşqdən əvvəl meydanın sulanmasını xahiş etmişdim. Dərhal yerinə yetirdilər. Buranın insanları çox gülərüzlü və səmimidirlər.
- Sizcə, Renat Dadaşov Almaniyanı Azərbaycana dəyişməklə səhv etməyib?
- Renat barəsində məlumatım azdır. Onu bu gün ilk dəfə gördüm. Belə oyundan sonra onun barəsində nə isə fikir bildirmək çətindir.