Bakı Olimpiya Stadionunda CBC Sport televiziya kanalının çəkdiyi "Xəzridən Xəzriyə” filminin təqdimat mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, telekanalın rəhbəri Volkan Üst, veteran futbolçular və digər qonaqlar iştirak ediblər. Film vaxtilə Azərbaycan çempionatında mübarizə aparmış, ölkəmizi qitə miqyaslı turnirdə təmsil etmiş Buzovnanın "Xəzri” klubuna həsr olunub. Yaradıcılıq işində klubun yaradılması, keçdiyi yol, Azərbaycan çempionatında əldə etdiyi nailiyyət və UEFA Kubokunda çıxışı, fəaliyyətini dayandırmasına səbəb olan Azərbaycan Kubokunun finalındakı kobud səhv və digər məqamlar barədə danışılıb. Komandanın keçmiş futbolçuları, baş məşqçisi Nadir Qasımov, buzovnalı azarkeşlərin bölüşdükləri xatirələr, məzəli və kədərli əhvalatlar tamaşaçıların marağı ilə qarşılanıb. "Xəzri"nin oyunlarından, çempionatda 1996-1997 mövsümünü mükafatçılar sırasında bitirdikdən sonra yaşananlardan, eləcə də Buzovna qəsəbə stadionunun hazırkı acınacaqlı durumundan görüntülər nümayiş etdirilib.
Nümayiş başa çatdıqdan sonra yaradıcı qrup ekran işinin ərsəyə gəlməsi barədə məlumat verib, "Xəzri” klubunun heyətində çıxış etmiş futbol veteranları isə minnətdarlığını bildirib.
Qeyd edək ki, sənədli filmin baş prodüseri Volkan Üst, ssenari müəllifi və quruluşçu rejissoru Azər Cavad Əliyev, müəllifi Əminə Kazımovadır.