"Bakı" komandası yeni yaradılan Regional Liqada iştirakdan imtina edib. Bu barədə Sportnet.az-a klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, səbəb "Bakı"nın üzləşdiyi maddi problemlərdir: "Vaxtilə "Bakı" Futbol Akademiyası Azərbaycan futboluna ən çox oyunçu verib. Hazırda müxtəlif iddialı klublarımızda üst-üstə 100-dək yetirməmiz oynayır. Lakin bu gün elementar kommunal xərcləri qarşılamağa imkanımız yoxdur. Bizə köməklik göstərmələri üçün əlaqədar təşkilatlara etdiyimiz müraciətlər də cavabsız qalıb. Bu səbəbdən, hazırda "Bakı" Futbol Akademiyası fəaliyyətini dayandırıb. Belə bir durumda Regional Liqaya komanda buraxmağa imkanımız yoxdur".
Qeyd edək ki, Regional Liqa həvəskarlar liqasını əvəzləmək üçün nəzərdə tutulub. "Bakı" komandası Azərbaycan Premyer Liqasında sonuncu dəfə 2014-2015 mövsümündə mübarizə aparıb. Növbəti mövsüm klub I Divizionda, daha sonra həvəskarlar liqasında çıxış edib.