Bu gün futbol üzrə Topaz Premyer Liqasında XII tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Ölkə çempionatında ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionu ilə "Azərsun Arena”da keçirən "Qarabağ”, "Sumqayıt”ı yeni məkanda qəbul edib. İlk dəfə olaraq Bakı Olimpiya Stadionunda Premyer Liqa matçı baş tutub. "Qarabağ" rəqibini 2:0 hesabı ilə üstələyib. "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qarşılaşmanın 31-ci dəqiqəsində rəqibə qarşı kobud hərəkət edib. Ağdam klubunun qolkiperi qırmızı alaraq meydandan qovulub.
Hazırda 25 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan Ağdam təmsilçisi ilk dövrədə rəqibini üstələməyi bacarıb. Düzdür, 16 xalla 4-cü sırada yer alan sumqayıtlılar IV tura təsadüf edən qarşılaşmanın ilk yarısını Bəxtiyar Həsənalızadənin qolu ilə öndə tamamlayıblar. Lakin "Qarabağ” fasilədən sonra 4 qol vuraraq böyükhesablı qələbə qazanıb. Həmin dueldə Mahir Mədətov dubl etdiyi halda, Pedro Enrike və Riçard Almeyda hərəyə bir qol vurublar.
Bu kollektivlər arasında ölkə çempionatlarında baş tutan əvvəlki 21 oyunun balansında da üstün tərəf meydan sahibləridir. Rəqibini 15 matçda üstələyən "Qarabağ”, 4 matçda məğlub ayrılıb. Ardıcıl 7 görüşdə rəqibini üstələyən Ağdam klubu son 5 qarılaşmada ən azı 2 qol vurub.
Topaz Premyer Liqası
XII tur
17 noyabr (cümə)
18:30. "Qarabağ” – "Sumqayıt” 2:0
Qol: Riçard Almeyda, 41. Dino Ndlovu, 64
Qırmızı vərəqə: İbrahim Şehiç 31
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Bakı Olimpiya Stadionu