
2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.
Sportnet.az məlumatına görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti AVRO-2020 Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Giyom Puasson və Fan Zonalar üzrə menecer Tomas Qloorla görüşüb. UEFA nümayəndələrinə AVRO-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində AVRO-2020 zamanı fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.
Qeyd edək ki, 2020-ci il Avropa çempionatının 4 oyunu (3-ü qrup, 1-i 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.