Futbol üzrə Topaz Premyer Liqasında XII turun daha 2 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, turun ikinci oyun günü meydan sahiblərinin məğlubiyyəti ilə əlamətdar olub. "Keşlə" klubu "İnter Arena"da turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Zirə"ni qəbul edib. Görüşün taleyini Milan Düriçin 18-ci dəqiqədə vurduğu qol həll edib. Bununla da xallarını 27-yə çatdıran "Zirə" mövqeyini möhkəmlədib. "Keşlə" isə ardıcıl 6-cı, yeni baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında isə 2-ci məğlubiyyət alıb. Hazırda bu komanda 7 xalla 8-ci pillədə qərarlaşıb.
"Kəpəz" klubu isə Gəncə şəhər stadionunda "Səbail"i qəbul edib. Görüşün startı kifayət qədər gərgin alınıb. 5-ci dəqiqədə Səbail" penalti vurmaq imkanı qazanıb. Aleksandr Popoviçi bu imkandan yararlanıb. Cəmi bir dəqiqə sonra Dedimar Fereyra qırmızı vərəqə alaraq, "Kəpəz"i azlıqda qoyub. 16-cı dəqiqədə Ayron Stati "Səbail"in ikinci qolunu vurub. Bununla belə, meydan sahibləri 10 futbolçu ilə 2 qol vuraraq, hesabı bərabərləşdirməyə müvəffəq olub. Fasiləyədək İlyas Səfərzadə və penaltidən Kərim Diniyev fərqlənib. Lakin fasilədən sonra "Səbail" təcrübəli hücumçusu Vüqar Nadirovun qolu ilə hesabda qələbəyə nail olub - 3:2.
Bununla da "Kəpəz" mövsümdə 9-cu məğlubiyyətlə üzləşib. Hazırda Gəncə komandası 8 xalla 7-ci pillədədir. 4-cü qələbəsini qazanan "Səbail" isə 12 xalla 6-cı pillədə qalıb.
13:00. "Keşlə” – "Zirə” - 0:1
Qol: Milan Düriç, 18
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena”
15:00. "Kəpəz” – "Səbail” - 2:3
Qollar: İlyas Səfərzadə, 28. Kərim Diniyev, 36-penalti ilə - Aleksandr Popoviçi, 5-penalti ilə. Ayron Stati, 16. Vüqar Nadirov, 56
Qırmızı vərəqə: Dedimar Fereyra, 6 ("Kəpəz")
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu