1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəlkə də “Düzələjəh”...
Biri var hər dəfə media sektorunun üstünə çıxıb dirijorluq edəsən, fəxri tribunadakılara xoş gəlmək istəyəsən, biri var sevimli komandanın sonuncu pillədən qurtulub uğurlar qazanmasını arzulayasan, biri də var "Əfsanə geri dönür" deyə əsl gəncəli kimi "Kəpəz"i canın qədər sevəsən...
Bu, Peşəkar Futbol Liqası və "Topaz"ın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində Gəncə şəhər stadionunda gördüklərimizin ümumi təsviridir. Amma Tağı müəllim demişkən, hər biri barədə bir-bir...
Gəncə şəhər stadionunda "Kəpəz” yeni baş məşqçisi Yunis Hüseynovun rəhbərliyi altında "Qəbələ” ilə üz-üzə gəlirdi. Bu mövsüm birinci dövrədə səfərdə 2:0 hesabı ilə yenərək, ilk qələbəsini qazandığı "Qəbələ” ilə.
Amma Yunis Hüseynovun siftəsi heç də uğurlu olmadı. Halbuki, azarkeşlər, rəhbərlik, hətta biz belə, "Kəpəz”in 1:6 hesabı ilə məğlub olacağını gözləmirdik. Bu nəticəyə üzülən azarkeşlərlə yanaşı, gələcəyə ümid edənləri də az deyildi. Komanda sonuncu yerdə qərarlaşsa da, sadiq azarkeşlər hər zaman klublarına dəstəklərini əsirgəmirlər.
Yenə media sektoru tərəfdə "qələbəlik" idi. Onu "Kəpəz”in "Neftçi” və "Qarabağ”la ev oyununda da görmüşdüm. Amma əslində o, hər bir oyunda elə oradadır. Daim yaxşı əməli ilə yox, xoşagəlməz davranışı ilə diqqət mərkəzinə düşür. O, dirijorluq üçün media sektorundakı oturacağın üstünə çıxmağa belə cürət edir. Stadiondakı təhlükəsizlik əməkdaşları onu görsələr də, biganə yanaşırlar.
Səbəbini mən də bilmirəm. Amma bir onu bilirəm ki, həmin "dirijor" jurnalislərə yetərincə mane olur. Beləsinə azarkeş deməzlər! Bunu da əbəs yerə yazmadım. Çünki o, komanda 3-cü qolu buraxandan sonra tribunanı tərk etdi...
Düzələcəyinə ümid etmədiyimiz neqativi qoyaq bir tərəfə, indi də pozitivlərdən danışaq. Heç kimə mane olmayan və komandalarına sona kimi dəstək olan sadiq azarkeşlərdən bəhs edək. Onlardan biri elə media sektoru tərəfdəki tribunada əyləşmişdi. Əlindəki sadə, amma bir o qədər də həvəslə yazılmış pankartı ilə öz komandasına dəstək olurdu. Bu pankart türkiyəli yazar Mevlüt Tezelin gündəmə gətirdiyi "Qarabağ" xoreoqrafiyasından da sadə idi.
Komandası birinci dəqiqədə qol buraxsa belə, "Kəpəz", Gəncə sizinlədir" pankartı onun əlindən düşmədi. Amma nə yazıq ki, tribunanı boynu bükük halda tərk etdi. Halbuki, onun, sadəcə, bir istəyi var idi: Komandası "qara zolaq"dan çıxsın və yüksək yerlər uğrunda mübarizə aparsın. Bu olmasa belə, "Kəpəz" Gəncə futbolunun adına layiq çıxış etsin. Necə ki, ötən iki mövsümdə bunu bacarmışdı.
Hə, biri də var, "Kəpəz"ə Gəncə ləhcəsi ilə dəstək olmaq istəyənlər... Onlarda ümid qığılcımları gəncəli Yunis Hüseynovun komandaya baş məşqçi təyinatından sonra alovlanıb. Yeni baş məşqçinin "Düzələjəh" açıqlamasından sonra həmin fanatlar "Kəpəz"i özlərinə doğma komanda saymağa başlayıblar. Ötən əsri hegemonluqla başa vuran, 3 çempionluq, 4 ölkə kubok qazanan, heyəti demək olar ki, gəncəli futbolçulardan formalaşmış kollektivin yenidən canlanacağına əmindirlər.
Yunis Hüseynova dəstəklərindəndir ki, fanatlar ağır günlər yaşayan "Kəpəz” üçün "Düzəldəjiy” pankartı açmışdılar. Yeni baş məşqçinin ləhcəsindən tutmuş vaxtilə sərgilədiyi futbolu, Yevlax "Karvan"ının baş məşqçisi kimi Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Kubokunda mərhələ keçməsini yaxşı xatırlayırlar. Buna görə də Yunis Hüseynovun bu işi bacaracağına inandıqlarını, onun yanında olduqlarını göstərmək istəyirdilər.
Amma "Düzəldəjih” deyən kimi düzəlmir. Odur ki, azarkeşlər bir az da səbr etsinlər. Bəlkə də "Düzələjəh”...
Təbriz QULİYEV
Bakı - Gəncə - Bakı