"Çətin və maraqlı oyun oldu. Son vaxtlar çempionatın ən gərgin oyunlarından biri idi. Azarkeşlər maraqlı görüş izlədilər. Hər iki komanda qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. İki fərqli oyun izlədik. Oyunçular sona kimi mübarizə apardılar. Bəzi komponentlərdə oyunumuz alınsmasa da, sonda qələbə qazana bildik. Ayxan Abbasovu da yaxşı komanda yaratdığına görə təbrik edirəm. "Çelsi"yə Çempionlar Liqasındakı ağır məğlubiyyətdən sonra komandanı bu oyuna kökləməkdə çətinlik var idi. Amma qalib gəlməyi bacardıq. Hər bir futbolçumuzu təbrik edirəm. Həqiqətən də çox əziyyət çəkdilər və qalib gəlmək üçün çox çalışdılar. "Zirə"yə də uğurlar arzulayıram. Bu komandanın çempionatdakı göstərdiyi nəticələr layiqlidir. Öz oyunları, istəkləri ilə liderlər sırasındadırlar. Azarkeşlərimizə də minnətdarlığımızı bildirirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"ni 3:2 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis gərgin oyun qrafiki şəraitində əldə etdikləri qələbənin önəminə diqqət çəkib: "Son vaxtlar qrafikimiz sıx idi. Qarşıda da bizi belə qrafik gözləyir. Bu gün futbolçularımız da ikinci hissənin ortalarından yorulmağa başlamışdılar. Bir tərəfdən gərginlik, bir tərəfdən ağır oyunlardan sonra futbolçuların zədələnmə ehtimalı məni narahat edirdi. Çətinliklər olsa da, belə vəziyyətdə doğru qərarlar verməyə çalışmalıyıq".
Qurbanov qarşılaşmanın bol qollu alınmasını isə belə izah edib: "Hər iki komanda qalib gəlmək istəyirdi. İkinci hissədə açıq oyun getdi. İlk hissənin əvvəllərində "Zirə" qapalı oyun sərgilədi. Get-gedə açıq oyun getdi və hər iki komandanın qalib gəlmək istəyi hiss olunmağa başladı. Buna görə də qolların sayı çox oldu".
Baş məşqçinin sözlərinə görə, ehtiyat oyunçular skamyasındakı Rəşad Sadıqov qol vuran Mahir Mədətova növbəti sarı vərəqəsini alaraq, cəzalı duruma düşməməsi üçün xəbərdarlıq edib. Ansi Aqollinin zədəsinin ciddi olmadığını deyən Qurbanov bildirib ki, albaniyalı müdafiəçinin durumuna sabah aydınlıq gələcək. O, Riçard Almeydanı yüngül zədəli olması səbəbindən əvəzlədiyini açıqlayıb. Nəhayət, təcrübəli mütəxəssis əsas heyətdə qapıda Anton Kanibolotskiyə yox, Şahrudin Maqomedaliyevə şans verməsini belə izah edib: "İstədim ki, heyətdə əlavə bir yerli futbolçu olsun. Belədə oyun zamanı bu barədə çətinliklə üzləşməyək".