"Qarabağ"ın futbolçusu Miçel səfərdə "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərin brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- "Çelsi" ilə oyun ağırdan sonra bu oyuna necə hazırlaşmışdınız. Ab-hava necə idi?
- Ab-hava çox yaxşı idi. "Çelsi" ilə matçda böyük komandaya qarşı oynamışdıq. Azlıqda mübarizə aparırdıq. Şübhəli qərarlar da oldu. Oyuna motivasiyalı çıxmışdıq. Sevinirəm ki, bu gün qələbə qazandıq və 3 xalla meydanı tərk etdik.
- Düşünmürsən ki, "Çelsi" ilə matçda baş hakim həqiqətən "Qarabağ"ın qazana biləcəyi 3 xalı əlindən aldı?
- Həmin oyundan sonra danışa bilmədim, çünki dopinq-test verirdim. Hakimlər bəzən xeyirimizə, bəzən də əleyhimizə səhvlər edirlər. Komandamızın oyununu iki yerə bölmək olar. 11 nəfərlə çıxış etdiyimiz və qırmızıdan sonrakı oyun.
- Bu oyun haqqında nə deyə bilərsən?
- İkinci hissəyə, demək olar ki, eyni istəklə çıxdıq. Sadəcə, külək mane olur, çətinlik yaradırdı. Yorğunluq da öz sözünü deyirdi. Son vaxtlar ardıcıl oyunlar keçiririk. Formamızı bərpa etmək üçün çox da vaxtımız olmur. Həmin oyunların da əksəriyyətini 10 nəfərlə oynadıq. Bu gün çıxışımızdan razı qaldıq. Əsas odur ki, qələbə qazandıq.
- Hər iki komanda meydanda aqressiv idi. Bunun səbəbi nədir?
- Aqressiya həqiqətən də var idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Normal ot örtüyü olsaydı, bu cür olmazdı. Meydanın balaca və sintetik olması oyuna təsir etdi. Top dayanmırdı. İstər-istəməz oyun sürətli gedirdi. Belə meydanlarda oynamağa məcburuq.
- Rumıniya mətbuatının yazdığına görə, Dino Ndlovu ÇFR-in maraq dairəsinə düşüb. Bəs Çempionlar Liqasındakı oyununa görə Miçelə hər hansı təklif gəlibmi?
- Xeyr, mənə təklif gəlməyib. Komanda ilə müqaviləm var, gələn mövsüm də buradayam. Bu haqda nəsə demək istəməzdim.
- Üzləşdiyiniz sıx qrafiklə bağlı nə deyə bilərsən? Ölkə kuboku, Çempionlar Liqası və Premyer Liqa...
- Artıq demək olar ki, çempionatın birinci hissəsinin sonuna yaxınlaşırıq. Hazırlığımızda heç bir problem yoxdur. Vaxtımız olacaq və çətinlik görmürəm.
- Gələn tur "Neftçi" ilə qarşılaşacaqsınız. Bu barədə nə deyə bilərsən?
- "Neftçi" yeni baş məşqçisi ilə yaxşı oynamağa başlayıb. Ardıcıl qələbələr qazandılar. Amma biz evdə oynayacağımızdan, qələbə qazanmalıyıq. Çempionatın bütün oyunlarında qalib gəlməliyik.
- Əsas rəqiblərinizdən birini məğlub etdiniz və bir oyun da ehtiyatdadır. Bu mövsüm də çempionluq erkən rəsmiləşə bilər?
- Biz axıra qədər mübarizə aparacağıq. Çempionluq haqda danışmaq çox tezdir.
Təbriz QULİYEV