
"Çətin oyun olacağını bilirdik. Birinci hissədə hər şeyi həll etmək üçün əlimizdən gələni etdik. Rəqib qapısından 3 top keçirməyi bacardıq və qələbə qazandıq. Əsas 3 xal idi".
Bunu Sportnet.az-ın Gəncəyə ezam olunmuş əməkdaşına açıqlamasında "Sumqayıt"ın futbolçusu Tural Axundov səfərdə "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIV tur matçından sonra deyib. 29 yaşlı yarımmüdafiəçi bildirib ki, ötən mövsümün sonunadək kapitanı olduğu sabiq komandası üzərində asan qələbə qazanacaqlarını gözləməyib: "Hər komanda Gəncəyə gələndə çətinlik çəkir. Biz rəqibin oyunundan istifadə edib 3 xalı qazandıq. "Sumqayıt"ın bu il hədəfi avrokuboklara vəsiqə qazanmaqdır. Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"a qarşı da belə oynamaq istəyirik. Hər şey öz əlimizdədir. Mərhələni keçə bilərik. O matçda da qələbə qazanmaq istəyirik".
Axundov danışılmış oyunlarda iştirak şübhəsi ilə futboldan ömürlük uzaqlaşdırılmış "Keşlə"nin yarımmüdafiəçiləri Nizami Hacıyev və Mirhüseyn Seyidov barədə danışmaq istəməyib: "Biz də hamı kimi interneti izləyir, oxuyuruq. Bu barədə heç nə demək olmaz".