"Qəbələ”nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqasının XIV turunda "Keşlə” üzərində 3:0 hesablı qələbə qazandıqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, təcrübəli yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib...
- Hər oyun bizim üçün ağırdır. Bizə bütün görüşlərdə qələbə çox vacibdir. Çox sevinirik ki, "Keşlə”yə qarşı da layiqli qələbə qazandıq. Bunun davamını gətirmək istəyirik.
- Kənardan elə görünürdü ki, sanki "Qəbələ” "Keşlə” ilə oyunda məşq edir...
- Kənardan elə görünə bilər. Ancaq birinci hissədə çox çətinlik çəkdik. Çünki "Keşlə” müdafiəsi çox sıx oynayırdı, cərimə meydançasına girə bilmirdik. İkinci yarıda açılışdılar, işimiz bir az asanlaşdı. Bilirdik ki, bir qoldan sonra üstümüzə gələcəklər,oyun açılacaq. İkinci yarıda da qol vəziyyətlərimiz oldu, ikisindən istifadə etdik.
- "Qəbələ" üçün Premyer Liqada ilk yarı başa çatdı. Komandanın çıxışından razısan?
- Tam olaraq yox. Elə oyunlar var idi ki, xallar itirməməli idik. Özümüzdən razı da olmamalıyıq.
- Növbəti oyununuz kubokda "Səbail”ə qarşıdır. Ölkə çempionatında məğlub etdiyiniz rəqibi kubokda da asanlıqla yenə biləcəksiniz?
- Əlbəttə, kubokla çempionat tam ayrıdır. Hər birinin öz maraqları var. İlk oyunumuz evdədir. Çalışacağıq ki, bu mərhələni keçən tərəf də biz olaq.
- Son günlərin ən çox müzakirə olan mövzusu Nizami Hacıyev və Mirhüseyn Seyidovun oyun alqı-satqı məsələsidir
. Onlarla əlaqə saxlayıb hal-əhval tutmusan?
- Onların hər birinə dəstəyəm. Amma məsələni biz də mətbuatdan izləyirik. Qəbələdə olduğumuz üçün Nizami və Mirhüseynlə görüşməmişəm. Bu gün Bakıya qayıdırıq, sabah onlarla görüşərəm.
- Sənin fikrincə, onlara verilən qərar çox ağır olmadı?
- Bu haqda heç nə danışmaq istəmirəm. Çünki nə baş verib, necə olub, heç nə bilmirəm. Amma ümumilikdə, təbii ki, futboldan birdəfəlik uzaqlaşdırılmaq ağır qərardır. Nizaminin 28, Mirhüseynin 26 yaşı var, cavan uşaqdırlar. Sadəcə, məsələni bilmirəm. Bu haqda fikir açıqlaya bilmərəm. Çünki hər zaman haqqı demək lazımdır. Ancaq məsələdən bixəbər olduğumdan, nəsə deməyim düzgün çıxmaz.
Təbriz QULİYEV