"Pis oynamadıq. Qol vəziyyətləri də yaratdıq, lakin istifadə edə bilmədik. Rəqibin səviyyəsi göz qabağında idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail" komandasının baş məşqçisi Samir Əliyev evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının IV turundan təxirə salınmış oyunun ardından mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Oyunun gedişində, elə təəssürat yarandı ki, sanki siz meydanda olsanız, bu fürsətləri daha yaxşı dəyərləndirə bilərdiniz...
- Meydanda mən yox idim. Əlimizdə olan futbolçular isə bunlardır. İrəli baxmalıyıq. Çalışacağıq ki, öz üzərimizdə daha çox işləyək. Heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçunu diqqət mərkəzində saxlamışıq.
- Bu gün Nurlan Novruzovu əvəzlədiniz, keçən oyunda isə Amit Quluzadəni. Demək olarmı ki, bu oyunçular artıq "qara siyahı”ya düşüb?
- Oyunçular məndən onlara şans verməyimi istəyirlər. Mən də şans verirəm. O ki qaldı onları əvəzləməyimə, zəif oynayırlar ki, əvəzləyirəm.
- "Səbail”in əsas məsədi milli komandalar üçün oyunçu yetişdirməkdir. Komandanın qarşısına konkret vəzifə qoyulmayıb. Bu, komandanı əlavə təzyiqdən azad etmir?
- Xeyr. Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq. Çalışırıq ki, öz oyunumuzu daim inkişaf etdirək, əlimizdəki istedadlı oyunçulardan yaxşı istifadə edək. Komandaya yeni, istedadlı oyunçular cəlb etmək də istəyirik.
- Sistemə görə oyunçu axtarırsınız, yoxsa oyunçuları öz sisteminizə uyğunlaşdırmağa çalışırsınız?
- Sistemimizi dəyişməyi planlaşdırırıq. Qarşıda ölkə kubokunda iki oyunumuz var. Bu sahədə işlərə kubok oyunlarından sonra başlayacağıq. Təxminən 15-20 gün vaxtımız olacaq. Bu vaxt ərzində yeni sistemi sınaqdan keçirəcəyik. Yəqin ki, 3-cü dövrədə fərqli oyun sistemindən yararlanacağıq.