Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. Doqquzuncu məqalə Azərbaycan futbolunun yaşıl çaları "Xəzər Lənkəran”a həsr olunub.
"Xəzər Lənkəran” ölkə başçısı İlham Əliyevin Azərbaycan Respublikasında 2005 - 2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramını təsdiq etməsindən bir il öncə Azərbaycan Premyer Liqasında debüt etsə də, klubun fəaliyyəti bu sərancama hesablanıb. Təsadüfi deyil ki, proqramın müddəti başa çatdıqdan sonra cənub təmsilçisinin fəxri prezidenti Mübariz Mənsimov "ağ-yaşıllar”ı böyük səhnədən geri çəkdi...
Debüt mövsümündə "Qızıl oyun”
2004-cü ildə təsis edilən klubun əsas komandası əvvəlcə Nazim Süleymanova tapşırılır. Lakin çox keçmədən onu türkiyəli Rasim Kara əvəzləyir. Debüt mövsümü olmasına rəğmən, qarşıya çempionluq məqsədi qoyulur. Həmçinin "Beşiktaş”, "Fənərbağça” kimi klubların formasını geyinmiş Oktay Dərəlioğlunun heyətə cəlb edilməsi böyük səs-küyə səbəb olur.
2004/2005 mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən "Xəzər Lənkəran” yekunda "Neftçi” ilə eyni – 78 xal toplayır. Ona görə də çempion Gəncədə təşkil edilən "Qızıl oyun”da müəyyənləşir. 25 mindən artıq azarkeşin canlı izlədiyi görüş "ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşır.
Bir mövsümə 3 məşqçi və 7-ci yer
Fırtına kimi başlanğıcdan sonra cənublu fanatlar növbəti mövsüm komandadan yalnız çempionluq gözlədiyi bir vaxtda, fərqli mənzərə ilə üzləşirlər. Rasim Karanın yayda "Qarabağ”a getməsindən sonra baş məşqçi postuna Nazim Süleymanov gətirilir. Lakin onun "Xəzər Lənkəran”dakı ikinci dönəmi də qısa alınır. Süleymanovu Şenol Fidan, türkiyəli mütəxəssisi isə ukraynalı Viktor Pasulko əvəzləyir. Yekunda komanda 2005/2006 mövsümünü 7-ci pillədə başa vurur.
Mircavadovla gələn "Qızıl dubl"
Uğursuz mövsümün ardından Mübariz Mənsimov önəmli həmlə edir. Həmin dönəmdə ölkənin ən titullu məşqçisi olan Ağasəlim Mircavadovu komandanın sükanı arxasına gətirir. Təcrübəli mütəxəssis isə öz növbəsində bir sıra aparıcı futbolçunu bərabərində götürür.
2006/2007 mövsümünün II turunda "ağ-yaşıllar” "Neftçi”ni qəbul edirlər. Oyun günü prezident İlham Əliyev "Xəzər Lənkəran” Mərkəzi Stadionunun rəsmi açılış mərasiminə qatılır və topa ilk toxunuşu edir. Axşam saatlarında baş tutan matç isə cənubluların 2:1 hesablı qələbəsi ilə yekunlaşır.
Mövsümü başladığı kimi bitirən "Xəzər Lənkəran” əvvəlcə çempionluğu bayram edir, ardından ölkə kubokunun finalında İmişlinin "MKT-Araz” klubunu 1:0 hesabı ilə məğlub edərək "Qızıl dubl”a imza atır.
"Birlik Kuboku”ndakı zəfər
Avrokubokla erkən vidalaşan "Xəzər Lənkəran” 2007/2008 mövsümündə 3 cəbhədə mübarizə aparır – ölkə çempionatı, "Birlik Kuboku” və Azərbaycan Kuboku.
"Ağ-yaşıllar” mövsümün ortasında MDB və Baltikyanı ölkə çempionlarının çıxış etdikləri "Birlik Kuboku”nda Azərbaycanı layiqli təmsil edir. Litva, Qazaxıstan və Tacikistan çempionlarının iştirak etdiyi qrupdan lider kimi çıxan "Xəzər Lənkəran” növbəti mərhələdə Moldova çempionu "Şerif”i yarışdan kənarlaşdırır. Yarımfinalda Belarus çempionu BATE-ni də məğlub edən cənublular, final matçında Özbəkistan çempionu "Paxtakor”la qarşılaşır. Ovaxtkı FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutkonun şərəf tribunasından izlədiyi görüş "Xəzər Lənkəran”ın 4:3 hesablı qələbəsi ilə nəticələnir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanan komandanı prezident İlham Əliyev də qəbul edir.
"Xəzər Lənkəran” çempion titulu ilə vidalaşıb, 2007/2008 mövsümünü 4-cü sırada başa vursa da, daha bir uğura imza atır. "Ağ-yaşıllar” finalda "İnter”i 2:0 hesabı ilə məğlub edərək, Azərbaycan Kubokuna sahib çıxırlar.
Mircavadov – Kara – Ponomaryov – Mircavadov
UEFA Kubokunda Polşa "Lex”inə qarşı oyunlarda (0:1, 1:4) uduzduğu üçün Mircavadov komandanı tərk etmək məcburiyyətində qalır. Bu addım daxili yarışlarda əldə olunan uğurların davamını avrokuboklarda gətirmək üçün atılsa da, hər şey əskinə olur. "Ağ-yaşıllar” 2008/2009 və 2009/2010 mövsümlərini titulsuz başa vurur.
2008/2009 mövsümünə Rasim Kara ilə başlayan "Xəzər Lənkəran” startda ardıcıl 2 ev oyununda məğlubiyyətdən sonra türkiyəli mütəxəssisi İqor Ponomaryovla əvəzlənir. Lakin Azərbaycan millisinin sabiq baş məşqçisi də cənubluların yarasına məlhəm olmur. Komanda mövsümü 4-cü sırada başa vurur.
2009/2010 mövsümündə komandanın sükanı arxasında yenidən Mircavadov gətirilir. Premyer Liqada son həftəyədək çempionluğa əsas namizəd olmasına baxmayaraq, ardıcıl xal itkiləri və nəhayət, son turda Lənkəranda "Bakı”ya məğlubiyyət komandanı dördüncü pilləyə endirir. Üstəlik, "ağ-yaşıllar” Azərbaycan Kubokunun finalında da "Bakı”ya uduzur – 1:2.
Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Olimpiya" klubu ilə üz-üzə gələn "Xəzər Lənkəran” səfərdə qolsuz heç-heçə, evdə isə 1:1 oynamaqla mübarizəni dayandırır və Mircavadov növbəti dəfə avrokubok qurbanı olur.
Cənubluların sevimlisinə çevrilən Rednik
2010/2011 mövsümdə "Xəzər Lənkəran" növbəti dəfə əcnəbi mütəxəssisə güvənir. Komanda Mirça Rednikə tapşırılır. Xeyli sayda əcnəbini heyətə cəlb etməklə diqqət çəkən rumıniyalı mütəxəssis yekunda kluba çempionatın gümüş medalların və Azərbaycan Kubokunu qazandırır.
Çempionatda "Böyük oyun”lardakı rəqibi "Neftçi”dən 7 xal (67 və 60) az toplayan "Xəzər Lənkəran” kubokun finalında "İnter”i penaltilər seriyasında məğlub edir – 4:2.
Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan "Xəzər Lənkəran” burada İsrailin "Makkabi” (Təl-Əviv) komandasına məğlub olunca (evdə 0:0, səfərdə 1:3), Rednik istefaya göndərilir. Komanda daha öncə akademiyaya başçılıq etmiş türkiyəli Cüneyt Biçerə tapşırılır. Lakin 2012-ci ilin mart ayında onu Yunis Hüseynov əvəzləyir. 2011/2012 mövsümünün yekununda gümüş medallara sahib olan kollektiv Avropa Liqasına vəsiqə qazanır.
Avrokubokların yarıtmazı
"Xəzər Lənkəran” böyük futbol səhnəsində olduğu müddətdə daxili yarışlarda titullar qazanıb, hər zaman ön planda dursa da, avrokuboklarda "asan yem” olması ilə xatırlanacaq. Təsəvvür edin, "ağ-yaşıllar” ilk dəfə 2012/2013 avrokubok mövsümündə mərhələ adlamağı bacarıb. Avropa Liqasının I təsnifat mərhələsində Estoniya təmsilçisi "Nımme Kalyu" ilə Lənkəranda baş tutan ilk oyun 2:2 hesabı ilə bitsə də, Hüseynovun rəhbərlik etdiyi kollektiv səfərdə 2:0 hesablı qələbə qazanaraq, tarixində ilk dəfə avrokubokda mərhələ adlayır. Lakin II təsnifat mərhələsində Polşa "Lex”ini keçmək mümkün olmur (0:1, 1:1).
Bunadək isə "ağ-yaşıllar” ilk rəqiblərinə - Moldovanın "Nistru" (1:2, 1:3), Xorvatiyanın "Dinamo" (1:1, 1:3), Polşanın "Lex" (0:1, 1:4), Moldovanın "Olimpiya" və İsrailin "Makkabi" (Təl-Əviv) komandalarına məğlub olmuşdu.
"Xəzər Lənkəran” 2013/2014 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində Malta "Slima”sını mübarizədən kənarlaşdırsa da, növbəti rəqibə Hayfa "Makkabi”sinə evdə biabırçı – 0:8, səfərdə isə 0:2 hesabı ilə uduzur. Bu, həm də sonuncu avrokubok macərası olur.
Superkubok təsəllisi
2012/2013 mövsümünə Karles Bakeslə qədəm qoyan "Xəzər Lənkəran”ın nəticələri yaxşı olmayınca, 2013-cü ilin fevralında ispaniyalını dünya futbolunun əfsanələrindən biri – Con Toşak əvəzləyir. Ancaq cənublular mövsümü 9-cu pillədə başa vururlar. "Ağ-yaşıllar” Azərbaycan Kubokunda finala qədər irəliləsələr də, burada penaltilər seriyasında "Neftçi”yə uduzurlar - 3:5. Matçdan sonra isə dava düşür. Qarşıdurmanın davamı 2013-cü ilin avqustunda bu kollektivlər arasında baş tutan çempionat oyununda yaşanır. Nəticədə AFFA bu komandaların iştirakı ilə baş tutan matçlarda qonaq azarkeşlərin iştirakına qadağa qoyur.
Oktyabrın 23-də isə bu komandalar arasında Naxçıvanda Superkubok oyunu keçirilir. 18 illik fasilədən sonra baş tutan Superkubok matçında 2:1 hesabı ilə qalib gələn cənublular bunu böyük coşqu ilə qeyd edirlər. Lakin bir ay sonra Toşak uğursuz nəticələr səbəbi ilə postunu tərk edir.
Mustafa Dənizli - Oğuz Çətin cütlüyünün fiaskosu
Mübariz Mənsimov Toşakın ardından daha bir məşhur mütəxəssisi - Mustafa Dənizlini Azərbaycana gətirir. Lakin 2013/2014 mövsümünün sonuna doğru türkiyəli mütəxəssis də uğursuz nəticələr səbəbi ilə qovulur və onu köməkçisi Oğuz Çetin əvəzləyir. Ancaq komanda mövsümü 6-cı pillədə başa vurur.
2014/2015 mövsümünə Çətinin rəhbərliyi ilə başlayan cənublular qış fasiləsinə 5-ci pillədə yollanınca, türkiyəli mütəxəssis postunu Elbrus Məmmədova təhvil verir. Komanda isə 7-ci sırada finiş edir.
Filmin sonu
2015/2016 mövsümünə Yunis Hüseynovla başlamağa qərar verən cənublular qış fasiləsində yenidən Elbrus Məmmədovla yollarına davam edirlər. Lakin mövsümün başa çatmasına 3 tur qalmış o da postunu tərk edir. Komanda isə Ağadadaş Həmidova tapşırılır. Nəticədə Topaz Premyer Liqasının XXXVI turunda səfərdə "Rəvan”la bərabərə qalan cənub təmsilçisi çempionatı sonuncu pillədə başa vurur. Üstəlik, AFFA növbəti mövsümdə Premyer Liqada çıxış etmək üçün "ağ-yaşıllar”a lisenziya vermir.
2016-cı il 27 may tarixində "Xəzər Lənkəran” bəyanat yayır: "Fəxri prezident cənab Mübariz Mənsimovun başçılığı ilə klub rəhbərliyinin iclası keçirilib. İclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun qiymətləndirilib. İclasın yekununda qərara alınıb ki, "Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün "Xəzər Lənkəran” AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb. Əvvəlki illərdə olduğu kimi, klubumuz Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. "Xəzər Lənkəran” FK öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır...”
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir