"Qəbələ"nin futbolçusu Famussa Kone qış transfer dövründə Türkiyə "Samsunspor"una qayıda bilər. Sportnet.az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, Malidən olan hücumçu "qırmızı-qaralar"ın heyətində özünü xoşbəxt hiss etmir.
O, indiyədək cəmi 9 oyunda meydana start heyətdə çıxıb. Bununla belə, Kone 6 qol vurmağı bacarıb. "Qəbələ" ilə müqaviləsi mövsümün sonunadək olsa da, 23 yaşlı forvardın artıq qışda klubu tərk etmək istədiyi bildirilir.
Bu arada "Samsunspor"un baş məşqçisi Engin İpekoğlu klub rəhbərliyinə təqdim etdiyi transfer siyahısında Konenin adını birinci göstərib. Yaxın vaxtlarda meneceri vasitəsilə futbolçuya təklif ünvanlanacağı məlum olub.
Qeyd edək ki, Famussa Kone ötən mövsümün ikinci yarısını "Samsunspor"da icarə əsasında keçirib. Bu klubda "Qəbələ"dən yenicə ayrılan hücumçu Ekiqo Ehiosun da forma geyinib. "Samsunspor" hazırda Türkiyə I Liqasında mübarizə aparır.