Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. On birinci mövzumuzun qəhrəmanı Azərbaycan yığmasının sabiq hücumçusu, Premyer Liqanın üçqat çempionu və bombardiri Badri Kvaratsxeliyadır...
- Neçə yaşınızdan futbolla məşğul olmağa başlamısınız?
- Yeriməyə başlayandan (gülür). Ağlım kəsəndən uşaqlarla top oynamışıq. Zaman keçdikcə işi böyütdüm, futbolla peşəkar səviyyədə məşğul olmağa başladım. 15 fevral 1965-ci ildə doğulduğum Nakipu kəndinin məxsus olduğu Tsalencixa rayonunun "Skuri” komandasında futbola başlamışam. Təxminən 8-ci sinifdə oxuyurdum. 1986 – 1988-ci ildə hərbi xidmətdə olandan sonra futbol həyatımı davam etdirdim.
- Gürcüstandakı futbolçu karyeranız barədə məlumat verərdiniz...
- Tbilisi "Dinamo"su, "Kaxeti", Rustavi "Metallurq"u, "ŞSS Akademiya" və "Merani"də çıxış etmişəm. Bu komandaların heyətində rəsmi matçlarda ümumilkdə 80-ə yaxın qol vurmuşam.
- Azərbaycana 32 yaşınızda gəldiniz. Həmin vaxt sizin də məqsədiniz karyeranızın sonlarında daha yaxşı pul qazanmaq idi?
- 1990-cı illərdə keçmiş SSRİ dövlətlərinin futbol liqaları indiki kimi deyildi, böyük pullardan söhbət gedə bilməzdi. Bəli, daha sərfəli təklif üçün gəldim. Amma fərq elə də böyük deyildi. Yəni, ortada böyük məbləğ olmayıb.
- Azərbaycana, "Kəpəz”ə gəlişiniz necə alındı?
- Bu, təsadüfən oldu. "Merani” "Kəpəz”lə yoxlama matçı keçirirdi. Həmin vaxt klubun sponsoru olan Rza müəllim məni bəyəndi, Azərbaycana gəlməyi təklif etdi. Düşündüm ki, Gəncə Gürcüstana yaxındır, mənim üçün rahat olar. Həm də özümü yeni liqada sınamaq istədim. Təbii ki, maddi baxımdan da sərfəli idi. Həmin vaxt komandanın baş məşqçisi Ruslan Abdullayev, onun köməkçisi isə Rəşid Özbəyov idi. Çox yaxşı kollektivimiz vardı. Təsadüfi deyil ki, elə getdiyim 1997/1998 mövsümündə çempion olduq. Üstəlik, Azərbaycan Kubokunu götürdük. Çempionatda 22 oyuna 20 qol vurdum. Bombardirlik yarışında yalnız 23 matçda 23 dəfə fərqlənən Nazim Əliyevdən geri qaldım. Kubokun finalında "Qarabağ”ı 2:0 hesabı ilə məğlub etdiyiniz görüşdə isə hesabı açmışdım.
- Ancaq ilk mövsümdəcə "Qızıl dubl” etdiyiniz "Kəpəz”də qalmadınız, "Şəmkir”ə keçidiniz...
- Həmin vaxt "Kəpəz”də rəhbərlik dəyişdi. "Şəmkir”də isə Şahbaz Süleymanov iddialı bir komanda formalaşdırırdı. Məni də dəvət etdi. Həmin vaxt "Neftçi”dən də dəvət almışdım. Lakin "Şəmkir”i seçdim. Komandada mənimlə yanaşı, Mehman Yunusov, Mahmud Qurbanov, Vidadi Rzayev, Xaliq Mərdanov, İsmayıl Məmmədov, Rauf Mehdiyev, Viktor Kulikov kimi parlaq simalar vardı. Məhz bu uşaqların sayəsində ardıcıl iki dəfə çempion olduq. Bu gün də onların əksəriyyəti ilə münasibətim var. Zəngləşirik, imkan olduqca görüşürük.
- Üç dəfə Azərbaycan çempionu olmusunuz. Bunlardan hansı sizin üçün xüsusi əhəmiyyət daşıyır?
- Hər biri mənim üçün əzizdir. Çünki hamısı əziyyət bahasına başa gəlib. Ammma bütün oyunlardan zövq almışıq. Bir-birimizi çox yaxşı anlayırdıq. Ölkənin ən iddialı kollektivi idik.
- 35 yaşınızda Azərbaycan çempionatının bombardiri olacağınız ağlınıza gələrdimi?
- Azərbaycana yeni gələndə ilk iki oyunda qol vura bilmədim. Sonra "Neftçi” ilə Gəncədəki matçda fərqləndim. Bundan sonra davamı gəldi. Heç vaxt qarşıma bombardir olmaq məqsədi qoymamışam. Mən komanda üçün oynayan futbolçu olmuşam. Qollarım qədər də məhsuldar ötürmələrim var. Mənin üçün hər zaman önəmlisi qol vurmağım yox, nəticə qazanmaq olub.
- Bombardir olduğunuz mövsümü necə xatırlayırsınız?
- 1999/2000 mövsümü maraqlı alındı. Azərbaycana gəldiyim ilk mövsümdə 20 qol vursam da, bombardir ola bilməmişdim. Bu dəfə isə 16 qolla birinci yeri tutdum. Amma bundan da önəmlisi çempionluqdur. Azarkeşlərimizlə aramızda böyük vəhdət vardı. Avrokuboklardan sonra bütün Azərbaycanın rəğbətini qazana bildik. Bu anları yaşadığım üçün xoşbəxtəm.
- Azərbaycanda "het-trik" edən ilk legionersiniz. Üç dəfə buna nail olmusunuz. Amma azarkeşlər sizi daha çox Latviya "Skonto”su ilə matçdakı parlaq oyununuz və vurduğunuz 3 qolla xatırlayırlar...
- Həmin oyunu heç vaxt unutmaram. Səfərdə keçirdiyimiz ilk matçda 1:2 hesabı ilə uduzmuşduq deyə, cavab görüşündə mütləq qalib gəlməli idik. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın 3-cü dəqiqəsində hesabı açdım. Lakin rəqib 31-ci dəqiqədə hesabı bərabərləşdirdi. Bu nəticə onlara sərf edirdi. Amma biz sona qədər mübarizə apardıq. Həmin gün stadiona gələn azarkeşləri xüsusi qeyd edərdim. Onlar sona qədər tribunanı tərk etmədilər, inanılmaz dəstək verdilər. Xalq bizə inanırdı. Ümidlərimiz tükənmək üzrə olsa da, 90-cı dəqiqədə yenidən fərqləndim və əlavə vaxta getdik. Burda isə birini mən, birini də Viktor Kulikov vurdu. Çempionlar Liqasının təsnifat mərhələsində növbəti raunda yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdük.
- Lakin növbəti avrokubok mövsümündə Uelsin "Barri Taun” komandası ilə oyunlar çox pis alındı. Rəqibdən aşkar üstün olsanız da, mərhələni onlar keçdi...
- Bəli, səfərdə 0:2, evdə isə 0:1 hesabı ilə uduzduq. Bakıdakı görüşə zədəli çıxmışdım. Oyunun əvvəlində rəqib futbolçu zədəli ayağıma vurdu. Mən də dözmədim, onu vurdum. Referi isə meydandan yalnız məni qovdu...
- Hələ də Azərbaycan çempionatında hamıdan çox – 71 qol vuran legioner futbolçu olduğunuzu bilirsiniz?
- Hələlik rekord məndədir (gülür).
- İndiki oyunçuların məhsuldarlığı niyə aşağıdır? Sonuncu mövsümdə bombardir cəmi 11 qol vurdu...
- Qol vurmaq incəsənətdir. Bəzi bacarıqlar var ki, məşqlə, öyrənməklə artırmaq olmur. Qolların azlığına gəlincə, bunu dərindən analiz etmək lazımdır. Səbəblər fərqli ola bilər. Görünür, indi Mahmud Qurbanov, Vidadi Rzayev kimi xüsusi istedada malik, hücumçunu gözüyumulu görən, ən çətin epizodda belə qol ötürməsi verən oyunçular yoxdur.
- Azərbaycan millisinə necə dəvət aldınız?
- Hələ "Kəpəz”də olanda Azərbaycan millisinə dəvət almışdım. O vaxt ilk mövsümüm idi, tərəddüd etdim. Lakin 2000-ci ildə AFFA-nın rəhmətlik prezidenti Fuad Musayev yenidən mənimlə danışdı, razılaşdım.
- Niyə "Şəmkir”də olduğu kimi, millidə də uğur qazana bilmədiniz?
- Burada problem tək məndə deyildi. Həmin vaxt milli komanda elə də uğurlu çıxış etmirdi. Həm də seçmə mərhələ başqa səviyyədir. Orada oynamaq, məsələn, İsveç kimi yığmaya qol vurmaq asan iş deyil.
- Milliləşdirilən legionerlər arasında azarkeşlər üçün doğma olan çox az sayda futbolçu var. Onlardan biri də sizsiniz. Azərbaycanı da öz vətəniniz hesab edirsiniz?
- Azərbaycanlılar da mənim üçün doğmadır. Çoxlu dostlarım, qardaşlarım var. Övladlarım orada böyüyüb. Ona görə də Azərbaycanı ikinci vətənim saya bilərəm.
- Məşqçilik karyeranız barədə ardıcıllıqla məlumat verərdiniz?
- 2004-cü ildə futbolçu karyeramı başa vurduqdan sonra "Sioni”də Kaxaber Tsxadadzenin köməkçisi qismində işə başladım. 2008-ci ildə Tsxadadze ilə birgə Azərbaycana, "Standard”a gəldim. Daha sonra bu komandanın baş məşqçisi oldum. 2011/2012 mövsümündə” Tsxinvali”də işlədim. Növbəti mövsümdə "Qəbələ”də Ramiz Məmmədovun köməkçisi oldum. Ardınca "Turan”, "Quriya”, "Merani” və "Şəmkir”ə rəhbərlik etdim. Hazırda "Tsxinvali”nin U-19 komandasının baş məşqçisiyəm.
- Yenidən Azərbaycandan təklif olsa, qayıdarsınız?
- Hazırda başqa variantlar var, götür-qoy edirəm. Azərbycan futbolunu da izləyirəm. Ola bilər ki, gələcəkdə yenidən orada çalışam.Yeri gəlmişkən, fürsətdən istifadə edib Qurban Qurbanovu Çempionlar Liqasındakı uğurlu çıxışı və milli komandaya baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. O, Azərbaycanda böyük işlər görür. Klubdakı uğurlarını yığmada da təkrarlayacağına inanıram. Onu futbolçu kimi tanımışam, məşqçi kimi də izləmək xoşdur. Nailiyyətləri məni sevindirir.
- Oğlunuz Xviça 2017-ci ildə 17 yaşlılar arasında Gürcüstanın ən yaxşı futbolçusu seçildi. Biz də Sizi bu münasibətlə təbrik edirik...
- Diqqətiniz üçün təşəkkür edirəm. O, məndən də güclü olacaq.
- Xviçanın da Azərbaycanda çıxış etməsini istərdiniz?
- Hələlik bu barədə danışmaq tezdir, 18 yaşı olandan sonra ölkə xaricinə çıxışı barədə danışmaq olar. Hazırda Tbilisi "Dinamo”sunda çıxış edir.
- Azərbaycana tez-tez gəlib-gedirsiniz?
- İmkan olduqca gəlirəm. Ötən mövsüm "Şəmkir”dən ayrılandan sonra orada olmamışam. Fürsətdən istifadə edib hər kəsə, dostlara salam göndərirəm.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir