"Zirə"nin baş məşqçisi Ayxan Abbasovun Sportnet.az-a müsahibəsi
- Mövsümün ikinci yarısına hazırlıqlar necə gedir?
- Fasilədən sonra yanvarın 4-də məşqlərə başlamışıq. Yüngül məşqlərlə kifayətlənirik. Legionerlərimiz isə bu gün gəliblər. Sabahdan tam heyətlə məşqlərə davam edəcəyik. Əsas məqsədimiz futbolçularımızın əvvəlki formalarını bərpa etməkdir. Komandanın zədəli futbolçuları da sağalır. Qarşımıza qoyduğumuz məqsədlər üçün hazırlıqlarımızı yüksək səviyyədə aparmalıyıq.
- Qış toplanışında əvəzedici heyətdən oyunçu götürmək barədə düşünürsünüzmü?
- Belə bir planımız var. Əvəzedici heyətdən 4-5 futbolçu cəlb edəcəyik. Gənc futbolçuları sınayacağıq. Bizim yoxlama oyunlarımız var. Həm əvəzedicilərlə oyunda, həm də "Keşlə” ilə matçda dəvət etdiyimiz futbolçulara baxacağıq. Onların çıxışı bizi razı salsa, Türkiyədəki toplanışa da aparacağıq.
- Komandanı bir sıra futbolçular tərk etdi. Təmkin Xəlilzadə və Qabriel Matey kimi cinah oyunçuları artıq "Zirə”də yoxdur. Onların yerinə hansı futbolçuları düşünürsünüz?
- Düzdür, David Manqa, Təmkin Xəlilzadə, Qabriel Matey, Nicat Qurbanov və Murad Səttarlı artıq komandamızda deyil. Əvəzində Elşən Abdullayev, Mirsahib Abbasov, Tellur Mütəllimov və İbrahim Aslanlı kimi futbolçularla güclənmişiq. Çalışacağıq ki, komandaya istədiyimiz yeni futbolçuları cəlb etməklə, o boşluqları dolduraq.
- Hansı mövqelərə transfer etmək barədə düşünürsünüz?
- Hazırda əsas məqsədimiz hücum xəttinə futbolçu almaqdır. Biz istəyirik ki, komandaya cəlb olunan futbolçu cinahlarda yaxşı oyun sərgiləyə bilsin.
- İkinci dövrə "Zirə” üçün çətin olmayacaq? Komanda rəqabətə hazırdırmı?
- Biz bu heyətlə mübarizə aparmışıq. Düşünmürəm ki, kimsə gedibsə, komanda zəifləyəcək. Onsuz da çempionatın ikinci hissəsi çəkişməli keçəcək. O futbolçular qalsaydılar da, çətin olacaqdı. Biz bunun öhdəsindən gəlməyə çalışacağıq.
- Toplanışdakı rəqibləri necə qiymətləndirirsiniz? Bunlar nə dərəcədə "Zirə”yə uyğun komandalardır?
- Yoldaşlıq matçları barədə həmişə problem olur. Bu isə rəqiblərlə bağlıdır. Əsas rəqiblərimizdən biri bəllidir. Bu, Rusiyanın "Avanqard” klubudur. Oyunlarını izləmişəm. Yaxşı komandadır. Digər iki komanda isə bəlli deyil. "Samtredia” bizimlə yoldaşlıq matçı keçirmək istəyir. Bolqarıstan klubları da var. Düşünürəm ki, daha güclü rəqiblərlə oynamalıyıq ki, çempionata tam hazır olaq.
Təbriz QULİYEV