"Təbii ki, çətin oyun keçdi. Rumıniya komanaları həmişə yaxşı mübarizə aparırlar. Bundan əvvəl Avropa Liqasında Rumıniyanın "Astra" komandasında qarşı oynamışıq. Onlar mübariz futbol sərgiləyirlər". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Adil Nağıyev deyib.
Antalyada təlim-məşq toplnışında olan qəsəbə təmsilçisi bu gün ilk yoxlama görüşünü keçirib. Rumıniyanın "Volentaru" klubu ilə qarşılaşan "qartallar" 2:0 hesablı qələbəyə seviniblər.
Qarşılaşmadan sonra Antlayaya ezam olunan əməkdaşımızın suallarını cavablandıran müdafiəçi fikirlərini bildirib: "Yoldaşlıq matçı idi. Çalışdıq ki, ağır yükləmələrdən sonra yaxşı oynayaq. Ümumiyyətlə, bir oyun keçirmək bir həftənin məşqini əvəz edir.
Biz də komanda şəkilində yaxşı oynamağa və öz səhvlərimizi görməyə çalışdıq. Belə oyunlarda futbolçular da hansı dərəcədə hazır olduğunu görürlər. Məncə, pis oynamadıq, layiqli qələbə qazandıq. İnanıram ki, bundan sonrakı yoxlama matçlarında da yaxşı nəticə qazanacağıq. Əsas məqsədlərimizdən biri də çempionata yaxşı hazırlaşmaqdı. Çünki bizi çətin marafon gözləyir".
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu milli komandadan kənarda qalıb.
Yığma komandamızda mərkəz müdafiəçisi mövqeyində çatışmazlıq olsa da, Nağıyev düşərgəyə dəvət edilməyib. O, məşqçilərin bu qərarına hörmətlə yanaşdığını bildirib: "Əlbəttə, bu, məşqçilərin fikridi və hörmətlə yanaşıram. Milliyə dəvət almaq üçün öz üzərimdə daha çox çalışmalıyam".