"Toplanışın ilk hissəsi yaxşı keçdi. Hamımız yaxşı işlədik, yüz faiz hazırlaşdıq. Təəsssüf ki, qələbə qazana bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Quslan Qurbanov Türkiyənin Antalya bölgəsində Rusiya "Arsenal"ı ilə 3:3 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra klub televiziyasına açıqlamasında deyib. O bildirib ki, Tula komandası ilə oyunda əvvəlki görüşlərdə buraxdıqları səhvlərdən nəticə çıxarıblar: "İlk matçımızda "Akhisar"la heç-heçə oynadıq, ardından "Surix"ə uduzduq. Baş məşqçi çatışmazlıqları bizə dedi, onları tamamladıq. Artıq ikinci toplanışın başlanğıcına biz fiziki cəhətdən hazır idik. Nəticələr də bunu göstərir. İkinci toplanışın ilk oyununda qələbə qazandıq - 2:1. Bununla kifayətlənmək olmaz: öz üzərimizdə daha çox işləməliyik. Bizi ən vacib oyunlardan biri "Qarabağ"la matç gözləyir. Hazırda "Qarabağ"dan 6 xal geridəyik. Bu il özümüzü sübut etmək istəyirik. Təkcə ölkə çempionatında deyil, kuboku da qazanmaq istəyirik. Ona görə "qızıl dubl" etməyə özümüzü hazırlayırıq".
Qurbanov daha sonra öz çıxışı və milli komanda haqda da fikirlərini söyləyib: "Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Daha çox çalışmalıyam ki, çempionatda problem olmasın. Amma oyunumu çempionatda məşqçi və azarkeşlər dəyərləndirər.
Milliyə gəlincə, Qurban Qurbanov məni dəvət etdiyi üçün şadam. Çalışacağam ki, özümü yaxşı tərəfdən göstərim, həmişə milliyə çağırılım. Milli ölkənin bayrağıdır, o, ən vacibdir, çünki biz xalq üçün oynayırıq".