Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt” komandasının qapıçısı Fərhad Vəliyevin Sportnet.az-a müsahibəsi
- Artıq ikinci mövsümüdür "Sumqayıt”dasınız. Komandada nələr dəyişib?
- Dəyişikliklər yaxşıya doğrudur. Ötən mövsüm də pis çıxış etməmişdik. Avropa Liqasına vəsiqəni son anda əldən verdik. Cari mövsümdə isə Premyer Liqa ilə yanaşı, Azərbaycan Kubokunda da uğurlu çıxış edirik. "Qarabağ” kimi komandanı məğlub edərək yarımfinala yüksəlmişik. Məqsədimiz hər iki cəbhədə maksimum nəticə əldə etməkdir.
- Avropa Liqasına düşmək baxımından "Sumqayıt” üçün Premyer Liqa əlverişlidir, yoxsa Azərbaycan Kuboku?
- Hər ikisində bunu bacaracaq potensiala və əzmkarlığa sahibik. Çox yaxşı rəhbərliyimiz, məşqçi heyəti və futbolçularımız var. İnamlı çıxışın səbəbi klubda ümumi birliyin olmasıdır. Uşaqlarla öz aramızda danışanda, kubokdakı çıxışımızı daha çox müzakirə edirik. Çünki bu, yalnız avrokuboka vəsiqə yox, həm də tituldur. Kuboku başının üzərinə qaldırmaq hər bir futbolçunun arzusudur. Bu baxımdan daha çox kubokda uğur qazanmaq istəyirik, buna köklənmişik. Məqsədimiz kuboku əldə etməkdir.
- Ancaq bu, elə də asan tapşırıq deyil...
- Əlbəttə, rəqiblərimiz də çox güclüdür, hamısına bələdik. Digər komandalar arasında fərq qoymuruq. Biz də yarımfinala təsadüfən vəsiqə qazanmamışıq. Yarımfinalda "Keşlə” ilə qarşılaşacağıq. Öncə onları keçək, sonrası yaxşı olacaq. Finalda favorit olmur. Həlledici matçda kiminlə qarşılaşacağımızın önəmi yoxdur.
- "Keşlə” də Antalyada toplanışdadır. Onların hazırlıq prosesini izləyirsiniz?
- Bəli, media vasitəsi ilə təqib edirik. Onlar da boş oturmurlar. Yeni baş məşqçi gətiriblər, heyətdə dəyişikliklər olub. "Keşlə” də güclənmək və bizi keçmək barədə düşünür.
- Yarımfinala vəsiqə qazanmağınız sizin üçün sürpriz oldu?
- "Qarabağ” Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edən komandadır. Püşkdən sonra onlar bizdən daha şanslı görünürdü. Lakin səfərdə keçirdiyimiz ilk görüşdə 1:2 hesabı ilə uduzsaq da, həm sərgilədiyimiz futbol, həm də vurduğumuz qol bizi ruhlandırdı. Bizdə "Qarabağ”ı keçməyin mümkünlüyünə dair inam yarandı. Cavab qarşılaşmasın da ən yaxşı oyunlarımızdan birini keçirdik və layiqli qələbə qazandıq. Komanda olaraq, yaxşı köklənə bildik.
- "Qarabağ” zəif oynadı, yoxsa siz daha üstün futbol sərgilədiniz?
- Kiminsə zəif və ya güclü oynadığını deməzdim. Məşqçi heyətinin seçdiyi düzgün taktika və futbolçularımızın əzmkarlığı sayəsində bu cür çətin tapşırığın öhdəsindən gəldik. Bu uğur bizim üçün bir stimuldur. Artıq bilirik ki, indiki durumda ölkənin ən güclü komandasını mübarizədən kənarlaşdırmışıqsa, daha böyük uğurlara imza ata bilərik. Bizim də arzumuz ilk dəfə avrokuboklara vəsiqə qazanmaq və şəhərimizin adını, klubu tanıtmaqdır. Bu, hazırda qarşımızda duran ən böyük hədəfdir. İnanıram ki, bunun öhdəsindən gələcəyik.
- Uzun illər "Qarabağ”da çıxış etmisiniz. Bu rəqiblə oyunlar sizin üçün xüsusi önəm daşıyır?
- Xeyr, belə bir şey yoxdur. Rəqibdən asılı olamayaraq, işim qapını toxunulmaz saxlamaqdır.
- Komandanızın qış toplanışı barədə nə deyə bilərsiniz?
- Hazırlığımız çox yaxşı gedir. Bizim üçün hər cür şərait yaradılıb. Burada iki yoxlama oyunu keçirmişik və daha iki görüşümüz qalıb. Mövsümün qalan bölümündə yaxşı formada olmaq üçün səylə çalışırıq.
- Hazırda yığmada qapıçı mövqeyində problem var: Kamran Ağayev uzun müddətdir stabil çıxış etmir. Rəşad Əzizli və Şahrudin Məhəmmədəliyev isə gənc olduqlarından, təcrübələri azdır. Belə bir durumda Qurban Qurbanovun sizə dəvət göndərəcəyinə ümid edirdiniz?
- Millidə oynamaq hər bir futbolçu üçün böyük nailiyyətdir. Şükürlər olsun ki, mən də bu şərəfə layiq olmuşam. Bundan sonra da formada olduğum müddətdə hər zaman çağırışa hazıram. Baş məşqçi Qurban Qurbanov yetərincə təcrübəyə malik mütəxəssisdir. Heyət seçiminin düzgün olduğunu düşünürəm. Futbolçunun edəcəyi şey öz üzərində daha çox işləməsidir. Yığma elədir ki, bu gün bir futbolçu yaxşı formada olur, sabah başqası. Ona görə də heyət dəyişir. Bu dəfə çağırılmayan gələn dəfə dəvət ala bilər.
- "Qəbələ” və "Qarabağ” kimi klublarımız əncəbi qapıçılara üstünlü verirlər. Sizcə, bu, nə ilə bağlıdır: yerli qapıçıların potensialı aşağıdır, yoxsa qapıçılarımız yaxşı məktəb keçməyiblər?
- Futbolda qapıçı açar mövqelərdən biridir. Bütün komandalar ilk növbədə, yaxşı qolkiper tapmaq barədə düşünür. Qeyd etdiyiniz hər iki amil öz sözünü deyir. Lakin artıq bizdə də daha səviyyəli qapıçıların yetişməsi üçün hər cür şərait var. Yeni nəsil gələcəyə nikbin baxmağımıza əsas verir. Bir neçə il sonra öz qapıçılarımız ön planda olacaqlar.