AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Report"un suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Azərbaycan Premyer Liqasında çıxış edən klublar qış toplanışını Türkiyənin Antalya bölgəsində gerçəkləşdirdilər. Hazırlıq prosesi ilə bağlı nə deyə bilərsiniz?
- Klublarımız bu işə peşəkar yanaşırlar və planlı şəkildə hərəkət edirlər. Yoxlama matçlarında fəqli nəticələr gördük. Düzdür, məğlub olan kollektivlərin çoxu nəticənin önəmli olmadığını bildirirlər. Lakin hesab edirəm ki, meydançaya çıxan hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməklə nəticə əldə etməyə çalışır. Digər tərəfdən, məğlubiyyət problemlərin olduğunun göstəricisidir. Toplanış dönəmində bu nöqsanları aradan götürmək üçün vaxt olur. İnanıram ki, komandalarımız Antalya toplanışında üzə çıxan problemləri çempionata qədər yoluna qoyacaqlar. Fasilədən dərhal sonra, elə XV turdan etibarən intriqalı çempionat görəcəyik.
- "Neftçi” və "Kəpəz”in yoxlama matçlarında 1:8 hesabı ilə uduzmaları bu kollektivlərə psixoloji baxımdan zərbə ola bilər?
- Bu cür hesabların istər-istəməz mənfi təsiri var. Çünki belə məğlubiyyətlərdən sonra xeyli söz-söhbətlər olur. Önəmli olan odur ki, məşqçilər korpusu bu vəziyyətdən çıxış yolu tapsın və komandanın psixoloji durumunu düzəltsin. Bəlkə də, yoxlama matçlarında bu cür hesabla uduzmaqları yaxşı oldu. Çempionata qədər problemləri aradan qaldırmaq imkanları var. Səhvlərin aradan götürülməsi rəqabətli yarış vəd edir.
- Klubların transfer bazarındakı fəaliyyətini necə qiymətləndirirsiniz?
- Transferdə fəal olanlar, əsasən, turnir cədvəlinin aşağı pillələrdə qərarlaşan komandalar idi. Onların güclənməsi iddialı komandalara başağrı olacaqları anlamına gəlir. Bizi maraqlı çempionat gözləyir.
- Son çempion "Qarabağ” qış fasiləsində əsas hücumçusu Dino Ndlovunu Çin klubuna satmaqla bərabər, hələlik heyətə yeni futbolçu cəlb etməyib. Bu amil Ağdam klubuna mənfi təsir göstərməyəcək?
- Hesab edirəm ki, bu addım elə-belə atılmayıb, təhlil aparılıb. Bizim ildən-ilə inkişaf edən, püxtələşən yerli futbolçular var. Bu mənada Ramil Şeydayev və Mahir Mədətovu qeyd edərdim. Onlar Ndlovu kimi forvardla rəqabətdə inkişafa nail oldular. Bununla yanaşı, Qurban Qurbanovun daha bir səviyyəli hücumçu axtarışında olduğunu düşünürəm. "Qarabağ” davamlı olaraq ölkə futboluna yeni simalar bəxş edir və onlar çempionata rəng qatırlar. Yenə belə bir oyunçunun tapılacağını təxmin edirəm. Səviyyəli transfer mütləq olacaq.
- Klublarla yanaşı, Azərbaycan millisi də Antalyada toplanış keçdi. Yığma Qurban Qurbanovun rəhbərliyi altında Moldova yığması ilə qolsuz bərabərə qaldı...
- İlk toplanış tanışlıq xarakteri daşıyırdı. Biz niyyəti bir olan komanda gördük. Bu, çox vacib amildir. Mövcud ab-hava güclü bir kollektivin formalaşacağından xəbər verir. Baş məşqçi bildirib ki, yığma ilə iş təlim-məşq toplanışları ilə məhdudlaşmayacaq. O, futbolçuları nəzarətdə saxlayacaq, milliyə namizəd oyunçularla görüşüb, fərdi söhbətlər aparacaq. Qurban Qurbanov hər şeyi görür. Atılan addımlar komandaya yeniliklər və uğurlar gətirəcək.
- Məşqçilər Komitəsinin üzvləri klubların və yığmaların Antalya toplanışını canlı izləmədilər. Səhv etmiriksə, Türkiyəyə səfəriniz planlaşdırılmışdı...
- Bəli, yanvarın 29-dan fevralın 3-dək Antalyada olmağı və millinin iki yoxlama oyununu izləməyi planlaşdırırdıq. Lakin Kosovo ilə matç təxirə salındığı üçün getməməyi məqsədəuyğun saydıq.