İspaniya prokurorluğu 2010/2011 mövsümünün XXXVIII çərçivəsində keçirilmiş "Levante” – "Saraqosa” matçının iştirakçılarının 6 il müddətə futboldan kənarlaşdırılmalarını və 2 illik həbs olunmalarını tələb edib.
Sportnet.az-ın "Marca”ya istinadən verdiyi məlumata görə, qonaqların 2:1 hesabı ilə qalib gələrək La Liqada yerlərini qoruduqları matçın iştirakçıları arasında hazırda İngiltərə "Mançester Yunayted”inin formasını geyinən Andre Errera, "Atletiko”nun kapitanı Qabi, "Lester”in üzvü Visente İborra kimi futbolçular var.
Şübhəlilər sırasında "Saraqosa”nın sabiq baş məşqçisi Xavyer Agirre də var.
Qeyd edək ki, oyunçuların günahı sübuta yetirilərsə, onlara 6 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilə bilər. Lakin bu futbolçuların 2 il müddətinə həbs olunmaları real deyil. Çünki İspaniya qanunlarına əsasən, 2 ilədək olan həbslər şərti xarakter daşıyır.