
"Real Madrid" klubu İspaniya La Liqasının XXVII turunda "Xetafe"ni qəbul edib.
Sportnet.az-ın məlumatına görə, görüş "kral klubu"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən Qaret Beyl (dəq. 24) və Kriştianu Ronaldu (dəq. 45; 78) fərqlənib. Məğlub komandanın yeganə qolunu isə Fransisko Portilyo (dəq. 65-penalti ilə) vurub. 47-ci dəqiqədə Loik Reminin qovulmasından sonra "Xetafe" azlıqda qalıb.
Ronaldu La Liqadakı 286-cı matçında 300 və 301-ci qollarına imza atıb. Portuqaliyalı hücumçu çempionat tarixində buna nail olan ikinci futbolçudur. Daha əvvəl "Barselona"nın forvardı Lionel Messi 334-cü oyununda 300-cü qolunu vurub.
Bu qələbə sayəsində "Real Madrid" xallarını 54-ə çatdıraraq, 3-cü pillədə möhkəmlənib. "Xetafe" isə 36 xalla 10-cudur. Növbəti turda - martın 10-da "kral klubu" "Eybar"ın qonağı olacaq. Həmin gün "Xetafe" "Levante"ni qəbul edəcək.