Topaz Premyer Liqasında XXV turun daha bir görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Kəpəz"i qəbul edib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Hər üç qol ilk yarıda vurulub. Hesabı 31-ci dəqiqədə Filip Ozobiç açıb. Bundan 8 dəqiqə sonra Stiven Jozef-Monroz fərqi artırıb. Yekun nöqtəni isə 45-ci dəqiqədə kapitan Cavid Hüseynov vurub.
Bu qələbə sayəsində xallarını 45-ə çatdıran "Qəbələ" 2-ci pillədə möhkəmlənib. "Kəpəz" isə 13 xalla sonuncu yerdə gedir. Gəncə komandasının məğlubiyyəti "Keşlə"nin Premyer Liqada qalmasını təmin edib.
Qeyd edək ki, əvvəlki oyunlarda "Qarabağ" səfərdə "Zirə"ni, "Keşlə" evdə "Neftçi"ni 2:1 hesabı ilə yenib. Tura aprelin 29-da keçiriləcək "Sumqayıt" - "Səbail" matçı ilə yekun vurulacaq.
----------------------------------
Topaz Premyer Liqasının XXV turunda daha bir qarşılaşma keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Keşlə” klubu "İnter Arena"da "Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma "Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı da meydan sahibləri açıb. Vaqif Cavadov 21-ci dəqiqidə fərqlənməklə komandasını önə keçirib. 42-cü dəqiqədə qonaq komandadan Namik Ələskərov tarazlığı bərpa edib. Lakin 68-ci dəqiqədə Adrian Skarlatake künc zərbəsindən sonra başla qol vuraraq, komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra "Neftçi" 37 xalla 4-cü pillədə qalıb. Xallarını 24-ə çatdıran "Keşlə" isə 6-cı pillədə möhkəmlənib və Premyer Liqadakı yerini böyük ölçüdə təmin edib. "Kəpəz" hazırda "Qəbələ" ilə davam edən səfər oyununda xal itirsə, Yuri Maksimovun baş məşqçi olduğu komandanın elitada qalacağı rəsmiləşəcək.
Qeyd edək ki, bu gün daha bir görüş keçiriləcək. "Qəbələ” evdə "Kəpəz”lə qarşılaşaq. Turun ilk matçında "Qarabağ” səfərdə "Zirə”ni 2:1 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək "Sumqayıt” – Səbail” görüşü ilə yekun vurulacaq.
----------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu gün Topaz Premyer Liqasında XXV turun daha iki görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Keşlə” doğma meydanda "Neftçi” ilə üz-üzə gələcək. İki komanda arasında indiyədək 54 oyun keçirilib. 13 oyunda "Keşlə”, 27 matçda "Neftçi” qələbəyə sevinib. 14 görüş isə heç-heçə yekunlaşıb. Meydan sahibləri rəqibinə qarşı keçirdiyi son 6 oyunda uduzub. "Neftçi” bu 6 oyunun hamısında ən azı 2 top vurmağı bacarıb. Flaqman, həmçinin "Keşlə” ilə görüşlərdə 10 oyundur meydanı qolsuz tərk etmir.
Hazırda "Keşlə" 21 xalla 7-ci, "Neftçi" 37 xalla 4-cü pillədədir.
Günün digər qarşılaşması isə Qəbələdə baş tutacaq. "Qəbələ” turnir cədvəlinin autsayderi "Kəpəz”i sınağa çəkəcək. Bu qarşılaşma iki komanda arasında yubiley oyunu olacaq. Əyalət təmsilçiləri bu vaxta qədər 19 dəfə qarşılaşıblar. Bu görüşlərdə qapılara 39 qol vurulub. "Qəbələ” 8, "Kəpəz” isə 6 dəfə meydanı 3 xalla tərk edib. 5 matç bərabərliklə başa çatıb. Bu komandalar arasında keçirilən son 3 qarşılaşmada meydan sahibi olan komanda xal qazana bilməyib.
Hazırda 13 xala malik "Kəpəz" uduzsa, Premyer Liqada qalma şanslarını çətinləşdirəcək. 42 xalı olan "Qəbələ" isə 2-ci pillədə qalmaq üçün uduzmamalıdır.
Qeyd edək ki, turun ilk matçında "Qarabağ” səfərdə "Zirə”ni 2:1 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək "Sumqayıt” – Səbail” görüşü ilə yekun vurulacaq.
Topaz Premyer Liqası, XXV tur
28 aprel (şənbə)
18:00."Qəbələ” – "Kəpəz” - 3:0
Qollar: Filip Ozobiç, 31. Stiven Jozef-Monroz, 39. Cavid Hüseynov, 45+1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
16:00. "Keşlə” – "Neftçi” - 2:1
Qol: Vaqif Cavadov, 21. Adrian Skarlatake, 68 - Namiq Ələsgərov, 42
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Füzuli Nəcəfov
"İnter Arena”