Topaz Premyer Liqasının XXVI turunda evdə "Keşlə" komandası ilə 1:1 hesablı heç-heçə edən "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, o, öncə oyun haqqında fikirlərini bölüşüb.
- Ağır oyun olacağını bilirdik. "Keşlə”nin yaxşı oyunçuları və kollektivi var. Qol şanslarımız da oldu. Hamısından istifadə edə bilmədik.
- Bu komanda ilə finalda da qarşılaşacaqsınız. Bu gün tam gücünüzlə oynadınız?
- Bacardığımız qədər yaxşı oynadıq. Bu bizim oyunumuzdur. Çalışacağıq ki, bundan da yaxşı oynayaq. Amma finala çox var. Vaxtımız da var. Finala yaxşı hazırlaşacağıq.
- Qalib gəlsəydiniz gümüş medalı rəsmiləşdirəcəkdiniz. Künc zərbələrində mərkəz müdafiəçiləri irəli getmədilər. Bu baş məşqçinin tapşırığı idi?
- Bunlar hamısı məşqçinin tapşırıqlarıdır. Bizə necə deyirlərsə, biz də meydanda onu eləyirik.
- "Keşlə” son vaxtlar yüksəlişdədir. Bu finalda sizə çətinlik yaradacaq?
-"Keşlə” finala kimi gəlibsə, deməli, zəif komanda deyil. Kim güclüdürsə, o da qalib gələcək. Asan oyun olmayacaq.
- Müqaviləniz də mövsümün sonu başa çatır. Rəhbərlikdən sizə təklif olubmu?
- Hələ o barədə danışmamışıq. Çempionat bitəndən sonra söhbət edəcəyik. Bu komanda Azərbaycanın ən yaxşı klublarından biridir.