Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqası ərəfəsində son yoldaşlıq görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, Riqadakı "Dauqava" stadionunda keçirilmiş qarşılaşmada rəqib Latviya yığması olub.
Görüş Qurban Qurbanovun baş məşqçi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 20-ci dəqiqədə cərimə zərbəsindən sonra Maksim Medvedev açıb. 57-ci dəqiqədə Ramil Şeydayev latviyalı qapıçıdan topu alaraq, Cavid İmamverdiyevə ötürüb. İmamverdiyev isə boş qapıya uzaqdan dəqiq zərbə endirib. 63-cü dəqiqədə isə uzaqdan zərbə ilə Emin Mahmudov 3-cü qolu vurub. Meydan sahibləri yalnız uzatma dəqiqələrində təkbətəkdən təsəlli qolu vurublar. Həmin qolun müəllifi Robert Uldrik olub.
Beləliklə, Azərbaycan yığması Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyununda ilk səfər qələbəsinə imza atıb. Əvvəlki 5 görüşündə evdə Qırğızıstana qalib gələn (3:0) milli komanda Antalyada Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə etmiş, evdə Belarus (0:1), səfərdə Qazaxıstana (0:3) uduzmuşdu.
Digər tərəfdən, Latviya üzərində tarixdə ilk qələbə əldə olunub. Bu komandalar daha əvvəl 2004-cü ildə Riqada qarşılaşıblar. Həmin görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Latviya yığması ilə 1997-ci ildə və 2002-ci ildə səfər oyunlarında da qalib müəyyənləşməyib - 0:0.
Qurban Qurbanovun rəqib həmkarı Miksu Paatelaynenin Latviya yığmasısının sükanı arxasında üçüncü yoxlama görüşünə çıxıb. Bu komanda daha öncə yoldaşlıq görüşü çərçivəsində keçirilən Baltika Kubokunun qalibi olub. Komanda evdə Estoniya yığmasını 1:0 hesabı ilə üstələyib. Səfərdə isə Litva kollektivi ilə heç-heçə edib - 1:1.
Yoldaşlıq görüşü
9 iyun
19:00. Latviya – Azərbaycan - 1:3
Qollar: Robert Uldrik, 90+2 - Maksim Medvedev, 20. Cavid İmamverdiyev, 57. Emin Mahmudov, 63
Hakimlər: Denis Şerbakov, Yuri Kromçanka, Andrey Xetsikov (hamısı Belarus), Aleksandr Anufriyev (Latviya)
Latviya: 23. Yevgeni Neruqal, 20. Kaspar Dubra, 18. İqor Tarasov, 6. Vladislav Qabov, 2. Vitali Maksimenko, 16. Aleksanr Fertov (15. Dmitri Xmiz, 75), 8. Kristian Torres (13. Vladimir Kames, 46), 14. Yanis İkaunyek, 7. Ritvar Ruqin (21. Qleb Klyuşkin, 46 // 17. Robert Savalnikes, 89), 11. Artur Karaşauskas (9. Aleksey Vaşnakov, 69), 10. Valeri Şabala (3. Robert Uldrikis, 69)
Ehtiyat oyunçular: 12. Kasper İksten, 4. Qrints Freymanis, 5. Rayvis Andris Yurkovski, 19. Vitali Yaqodinski, 22. Vitali Reçicki
Baş məşqçi: Miksu Paatelaynen
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev (30. Rahil Məmmədov, 46), 7. Araz Abdullayev (22. Mahir Mədətov, 72), 8. Emin Mahmudov, 9. Namik Ələskərov (17. Rəhman Hacıyev, 75), 11. Ramil Şeydayev, 15. Ruslan Abışov (6. Bədavi Hüseynov, 81), 25. Cavid İmamverdiyev (18. Coşqun Diniyev, 81), 26. Ürfan Abbasov (21. Təmkin Xəlilzadə, 66)
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 16. Cavid Hüseynov, 28. Ufuq Budaq
Baş məşqçi: Qurban Qurbanov
Riqa. "Dauqava” stadionu
Beləliklə, Azərbaycan yığması son təlim-məşq toplanışından 2 qələbə, 1 məğlubiyyətlə ayrılıb. Əvvəlki görüşlərində Bakıda Qırğızıstana 3:0 hesabı ilə qalib gələn milli komanda Qazaxıstana uduzub - 0:3.