"Toplanışdan öncə planlaşdırdığımız kimi 4 oyun keçirdik. İstərdik ki, 2 Türkiyə, 2 də başqa ölkə təmsilçisi ilə qarşılaşaq. Lakin alınmadı. 4 oyunumuzun hamısını yerli komandalara qarşı keçirdik. Bütün oyunlarımız heç-heçə başa çatdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib. Gənc mütəxəssis bildirib ki, komandası iki qarşılaşmada hesabda öndə olsa da, sonda qələbəni qoruyub saxlaya bilməyib. Onun fikrincə, digər oyunlarda bunun əksi olub: "Əsas odur ki, uşaqlar xarakter nümayiş etdirdilər. Düzdür, çatışmayan cəhətlərimiz var. Çempionatın startınadək çalışıb, həmin çatışmazlıqları aradan qaldırmaq istəyirik. Əsas fikrimiz avqutun 11-də və ya 12-də baş tutacaq çempionatdakı ilk oyunumuza tam hazır olmaqdır”.
Əhmədov "Alanyaspor”la 1:1 hesabı ilə yekunlaşan son yoxlama oyunundan da danışıb: "Həftənin hazırlığını "Alanyaspor”la oyuna uyğun qurmuşduq. İlk hissədə futbolçular taktiki tapşırıqlarımızın 70 faizini yerinə yetirdilər. Rəqibə boşluqlar demək olar, vermədik. 1-2 epizodda boşluq verdik ki, rəqib də bu fürsətlərin birindən yararlanıb, qapımıza qol vurdu. Qolda rəqibin ustalıq səviyyəsi də rol oynadı. Fasilədə uşaqlarla danışdım. İkinci hissədə daha yaxşı oynadıq. Demək olar, 4 yüzfaizli qol şansımız oldu. Sağ olsun uşaqlar, sona kimi vuruşdular. Rəqib Türkiyə Super Liqa təmsilçisi idi. Onların "Sumqayıt”la oyununu izləmişdim. Həmin matçda "Alanyaspor”un maraqlı komanda olduğunu görmüşdük”.
Qeyd edək ki, "Sabah” iyulun 16-dan Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olub. Bu müddətdə Premyer Liqanın debütantı yerli "Giresunspor”, "Osmanlıspor” və "Alanyaspor"la 1:1, "Sancaktepe Bələdiyyəspor”la 2:2 hesablı heç-heçə edib.