Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu "Yuventus"un heyətində İtaliya çempionatındakı debüt matçında qol vura bilməyib.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı hücumçu "Kyevo" ilə səfər matçında əlinə düşən imkanlardan yararlanmağı bacarmayıb. Bununla belə, Turin komandası görüşü qələbə ilə başa vurmağı bacarıb - 3:2. Hesabı 3-cü dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Sami Xedira açıb. 38-ci dəqiqədə Mariuş Stepinski bərabərlik qolunu vurub. 58-ci dəqiqədə isə Emmanuele Cakkerini "Kyevo"nu penalti ilə önə çıxarıb. Lakin 77-ci dəqiqədə "Yuventus" Mattia Baninin avtoqolu, 90+3-cü dəqiqədə isə Federiko Bernardeskinin qələbə topu ilə sevinib.
Qeyd edək ki, "Yuventus" II turda "Latsio"nu qəbul edəcək. Oyun avqustun 25-də keçiriləcək.







































































