"Qarabağ"ın futbolçusu Araz Abdullayev Topaz Premyer Liqasının IV turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Qarabağ”da rəsmi debütünü reallaşdırdınız. Oyunla bağlı fikirləriniz necədir?
- Vacib oyun idi. "Sportinq”lə səfər görüşünə yaxşı motivasiya ilə yollanmaq üçün qalib gəlmək istəyirdik. Bir müddət idi ki, futbol oynamırdım. Düzdü, bir az ağır oldu. Oyundan-oyuna çalışacam ki, daha yaxşı olsun.
- Yunanıntanın "Panionios” klubu ilə müqavilə imzalayandan sonra nə üçün orada qalmadınız?
- Məşqə çıxdıq. Klubla danışdıq ki, müqaviləni pozmaq lazımdır. Bunu açıqlamaq istəmirəm.
- Avstriyanın "Mattersburq” klubuna keçidiniz niyə baş tutmadı?
- Klublar arasında olan danışıqlar idi. Mən oyunçuyam.
- Düşünmürsünüz ki, "Panionios”da qalaraq, orada oynamaq daha yaxşı olardı?
- İndiki vəziyyətdə "Qarabağ”a gəldiyim üçün şadam. "Qarabağ” Azərbaycanın böyük klubudur. Çalışacam ki, karyeramı daha da inkişaf etdirim.
- Başqa məşqçilərin rəhbərliyində intizamsızlığınızla seçilirdiniz. İctimaiyyətdə belə fikir formalaşıb ki, Qurban Qurbanovun rəhbərliyi altında əl-qolunu çırmalayıb futbolunu oynayacaqızın və başqa Araz olacaqsınız.
- Əlbəttə, Qurban Qurbanov amili var. Məşqçi və oyunçuların ustalıq keyfiyyətləri yüksəkdir. Belə şəraitdə oynamaq futbolçunun karyerası üçün də xeyirlidir.
- Legioner karyeranız parlaq alınmadı. Nə üçün azərbaycanlı futbolçular xaricə yollandıqdan 6 ay sonra qucağımıza dönürlər?
- Mən elə fikirləşmirəm. Məndə normal getdi. Çalışırdım ki, Azərbaycanı yaxşı təmsil edim. Hər şey qaydasında idi. Pis alınmırdı. Klublar arasında deyəsən, maddi məsələdə razılıq əldə edilmədi.
- Gənc yaşlarından sizə etimad böyük olub. Çünki istedadınız göz önündədir. Amma stabil şəkildə oynamamısınız. "Qarabağ” sənin üçün son addımdır?
- "Qarabağ”da hər oyunçu şans gözləyir. Ola bilər ki, bit oyun zəif oynayarsan, digəri belədə sənin mövqeyini ələ keçirəcək. Yəni, rəqabət varsa, inkişaf var. Mən rəqabətdən çəkinən futbolçu olmamışam. Çalışıram ki, oyunla bunu sübut edim. Danışmağı xoşlamıram.
- "Sportinq”lə oyunda "Qarabağ”ın şansını necə ddəyərləndirirsiniz?
- Çətin qrupa düşmüşük. "Sportinq”lə oyundan öncə bu matçı düşünürük. Çempion olmaq üçün evdəki bütün oyunları udmaq lazımdır. Xalq "Qarabağ”dan həmişə yaxşı nəticələr gözləyir. Biz də çalışacağıq ki, onları sevindirək.
- Milli komandamızın vacib futbolçusunuz. Sizin yoxluğunuzda milli Kosovo və Maltanı məğlub edə bilmədi. Komandada nə çatışmadı?
- Komandanın baş məşçisi var. Ondan soruşarsınız. Özüm istərdim ki, tam formada olub, komandaya kömək olum. Bunun üçün meydanda yaxşı oynayıb, yığmaya dəvət almaq lazımdır.