"2000-ci il təvvəllüdlü futbolçumuz Hüseyn Əhmədov "Səbail" ilə oyunun birinci hissəsi ərzində ehtiyat oyunçular skamyasında əyləşmişdi. Hətta matçdan əvvəl onun lisenziyası dördüncü hakimə təqdim edilib".
Sportnet.az xəbər verir ki, bunu "Report"a "Zirə"nin prezidenti Natiq İsmayılov Azərbaycan Premyer Liqasının IV turunda "Səbail" ilə 1:1 hesabı ilə başa çatan matçda Əsasnaməni pozmaları ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
O, bildirib ki, futbolçunun adının protokolda qeyd olunmaması mexaniki səhvdir:
"Birinci hissədən sonra Əhmədovu texniki zonadan kənarlaşdıran AFFA nümayəndəsi və dördüncü hakim də futbolçunun orada olmasını təsdiqləyə bilər".
Qeyd edək ki, "Səbail" ilə oyunun protokolunda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü və ya daha gənc bir futbolçunun adı qeyd olunmayıb. Bu isə Premyer Liqanın Əsasnaməsinə ziddir. Məsələyə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq. Əsasnamənin pozulması faktı təsdiqini taparsa, "Zirə"yə texniki məğlubiyyət verilə bilər.