UEFA Millətlər Liqasının I dövrəsinin bəzi statistik göstəricilərini açıqlayıb.
Sportnet.az xəbər verir ki, qitənin ali futbol qurumunun rəsmi saytı müxtəlif nominasiyalarda ən yaxşı oyunçuların ilk "5-liy”ini tərtib edib.
Bombardirlər siyahısına belçikalı Romelu Lukaku ilə serbiyalı Aleksandar Mitroviç başçılıq edir. Forvardlar hərəyə 4 qol vurublar.
Ən çox ötürmə verən oyunçuların arasında milli komandamızın da üzvü var. Braziliyalı legioner Riçard Almeyda 215 ötürmə ilə bu göstəricidə 2-cidi. O, yalnız moldovalı Aleksandr Yepuryanudan geri qalır. Sonuncu 233 dəfə komanda yoldaşlarına ötürmə edib. İlk "3-lüy”ü 204 ötürmə ilə ispaniyalı Serxio Ramos qapayır.
Ən çox qol ötürməsi edənlərin siyahısında ispaniyalı Marko Asensio 1-cidi. O, 4 dəfə komanda yoldaşlarının qol vurmasına bilavasitə yardımçı olub. Bolqarıstanlı Strahil Petrov 3 qol ötürməsi ilə 2-cidi.
San-Marinonun qapıçısı Elia Benedittini "seyv” sayında zirvədədi – 24 dəfə. Lixtenşteynli Bencamin Buşel də 20 səddini adlamağı bacarıb. Onun 23 qurtarışı var.
















































































