"Məğlubiyyətlər bizi təngə gətirmişdi. Yaxşı ki, fasilə yaranmışdı. Bir ailə olmağa çalışdıq. Yumruq kimi birləşdik. Bir qədər psixoloji gərginlik var idi. Həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Həmin futbolçular idi ki, ilk dövrədə ayaq sürüyürdülər. Nə dəyişdi?
- Bəlkə də "Zirə” ilə matçda zəif oynamışdıq. Ancaq uşaqlar məğlubiyyətdən bezmişdilər. Dünən uşaqların gözlərini görmüşdüm. Bilirdim ki, onlar start fiti üçün alışıb-yanırdılar.
- Aqil Məmmədov start heyətində yer aldı və möhtəşəm oynadı. Dmitri Bezotosnı niyə yox idi?
- Aqili xüsusi təbrik edirəm. Öz saatını gözləyirdi və şansından istifadə etdi.
- Bu qələbə komandanız üçün dönüş nöqtəsi oldumu?
- Qarşımızda uzun bir marafon var. Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq.
- Təmkin Xəlilzadə 1 matçda oynayıb, 2 görüşü buraxır...
- Bunu bəxtsizliklə əlaqələndirərdim. Ötən dəfə qırmızı vərəqəyə görə pul cəzası da kəsmişdik. Ancaq bu cür anlarda futbolçuya dəstək olmaq lazımdı.