"Çətin oyun oldu. Qələbə üçün hər şeyi etdik. Qol vurmağı bacardıq. Hesabı da qoruyub saxladıq, top buraxmadıq. 3 xal qazandığımız üçün xoşbəxtəm".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Anton Krivotsyuk səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının X tur matçından sonra keçirdiyi brifinqdə deyib. 20 yaşlı müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...
- Oyunun sonlarına yaxın "Keşlə" təzyiqi artırdı və meydana 2 hücumçu daxil oldu. Bu, sizi həyəcanlandırmadı?
- Heç bir həyəcanı yoxdur. Sadəcə, bir az da diqqətli olmalı idik.
- Oyunda bir epizod oldu ki, rəqib hücumçunun qapıçı ilə təkbətək çıxmasının qarşısını aldınız. Bu epizod ilə bağlı nə deyə bilərsiniz?
- Mən həmin epizodda intriqanı saxlamaq istəyirdim (gülür - red.)
- Bu gün Kiril Petrovun yoxluğunda Slavko Braliç ilə oynamaq sizin üçün çətin deyildi? Bir-birinizlə anlaşmaqda problem yaşamadınız?
- Heç bir problem yaşamadıq. Anlaşmamız yaxşı səviyyədə idi. Məşqlərdə də birgə oynayırıq deyə problemimiz olmadı.
- X tur geridə qalıb, çempionluq şanslarını necə qiymətləndirirsiniz?
- Qarşımızda çempionluq məqsədi var. Amma biz hər həftə növbəti oyun haqda fikirləşirik və çox irəli baxmırıq.
- "Qarabağ"la oyuna qədər və həmin oyundan sonra komandadakı ab-hava necə dəyişib: Həmin qələbə komandaya necə təsir edib?
- Hər bir oyuna biz eyni şəkildə və ciddiyyətlə hazırlaşırıq. Bizdə heç bir eyforiya yaranmayıb.
- Roberto Bordin oyunboyu ayaq üstə olur, futbolçulara göstərişlərini verir. Belə baş məşqçi ilə məşqlərdə və oyunda işləmək sizin üçün maraqlıdır?
- Qeyd edərdim ki, məşqlərdə onunla çalışmaq maraqlıdır. Ancaq oyunlarda onun səsini eşidə bilmirəm. Azarkeşlərin səsindən baş məşqçinin sözlərini eşitmək mümkün olmur. Ona görə də bu haqda heç nə deyə bilmərəm.