Topaz Premyer Liqasında X tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun sonuncu görüşündə "Bakcell" arenada "Zirə" "Səbail"i qəbul edib.
Rəhim Həsənovun hakimlik etdiyi oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Oyunun ilk hissəsində komandalar qapılar qarşısında təhlükəli vəziyyət yarada bilməyib.
60-cı dəqiqədə "Sabail"in heyətində Şəhriyar Rəhimov 2-ci sarı vərəqəni alaraq meydandan qovulub.
Bundan sonra say üstünlüyünə yiyələnən "Zirə" bir neçə təhlükəli epizod yaradıb. Amma "Səbail"in qapıçısı Emil Balayev komandasını qoldan xilas edib.
Beləliklə, görüş qolsuz yekunlaşıb.
Bu nəticədən sonra "Zirə" xallarını 5-ə çatdırsa da, yenə sonuncu - 8-ci yerdə qərarlaşıb. "Səbail" isə 17 xalla 3-cü pillənin sahibidir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Neftçi" səfərdə "Keşlə"yə 1:0, "Qarabağ" evdə "Sumqayıt"a 2:0, "Qəbələ" "Sabah"a 2:1 hesabı ilə qalib gəlib.
-------------------------------
Topaz Premyer Liqasında X turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun gününün ilk matçında "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz "Qəbələ"nin ikinci qolunu vurub. "Sabah" təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandasının bundan artığına gücü çatmayıb.
Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "Qəbələ" 5-ci pilləyə yüksəlib. "Sabah" isə 16 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Neftçi" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" evdə "Sumqayıt"ı 2:0 hesabı ilə yenib. Tura saat 19:00-da başlanacaq "Zirə" - "Səbail" matçı ilə yekun vurulacaq.
--------------------------------
Bu gün Topaz Premyer Liqasında X tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ” debütant "Sabah”ı qəbul edəcək. "Sabah" ilk dövrədə rəqibini Marko Deviçin qolu ilə üstələməyi bacarıb. Son turlarda toparlanmağı bacaran meydan sahibləri həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.
Hazırda "Qəbələ” 9 xalla 6-cı, "Sabah” isə 16 xalla 4-cü pillədə qərarlaşıb.
Hesabat turuna "Zirə” - "Səbail” görüşü ilə yekun vurulacaq. Zirə Olimpiya Kompleksinin stadionu təmirdə olduğu üçün qəsəbə təmsilçisi rəqibini "Bakcell Arena”da qəbul edəcək.
Bu komandalar arasında ilk dövrədə baş tutmuş dueldə Rahid Əmirquliyev və Pərdis Fərcad-Azadın qarşılıqlı qolları ilə heç-heçə qeydə alınsa da, matçın nəticəsi "Zirə”nin limiti pozması səbəbindən ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Turnirin reqlamentinə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməli olduğu halda, zirəlilər buna əməl etməyib. Bu komandaların əvvəlki 5 oyunundan 3-də uduzan tərəf "Səbail” olub. Bir görüşdə isə heç-heçə qeydə alınıb.
Sonuncu – 8-ci sırada olan "Zirə”nin 4 xalı var. "Səbail” isə 16 xalla 3-cü yerdədir.
Qeyd edək ki, ilk oyun günündə "Neftçi” "Keşlə”ni 1:0, "Qarabağ” isə "Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.
Topaz Premyer Liqası, X tur
4 noyabr (bazar)
17:00. "Qəbələ” – "Sabah” - 2:1
Qollar: Ceyms Adeniyi, 5. Stiven Monroz, 15 - Bəxtiyar Soltanov, 52
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu
I dövrə - 0:1
19:00. "Zirə” – "Səbail” - 0:0
Qırmızı vərəqə: Şəhriyar Rəhimov, 60 ("Səbail")
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bakcell Arena”
I dövrə -:+