
Bu gün "Qəbələ" və "Qarabağ" komandaları 49-cu dəfə üz-üzə gələcəklər.
Sportnet.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilə öncəsi görüş Topaz Premyer Liqasında XI tura təsadüf edəcək. Rəqiblər indiyədək 48 dəfə üz-üzə gəlib. Hesabında 11 qələbə olan "qırmızı-qaralar” 17 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub. Bu görüşlərdə "Qəbələ" 42, "Qarabağ” 59 qola sevinib. "Qəbələ”nin heyətində 28 fərqli futbolçu rəqib qapısına yol tapıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə qol vurub.
"Qarabağ”la Premyer Liqada 42-ci dəfə görüşəcək rəqiblər Azərbaycan kubokunda 7 dəfə üz-üzə gəlib. Çempionatdakı 41 görüşdə ağdamlılar 19, "qırmızı-qaralar” 10 dəfə 3 xal əldə edib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqada "Qəbələ" 37 qol vurub, 53-nü buraxıb.
"Qəbələ” 23-cu dəfə "Qarabağ”ı öz meydanında qəbul edəcək. Əvvəlki 22 ev oyununda 7 qələbəsi olan "qırmızı-qaralar” 7 heç-heçə edib və 8 dəfə uduzub. Bu matçlarda tərəflər hərəyə 24 qol vurub. İlk dövrənin oyununda "Qarabağ" böyük hesabla qalib gəlib - 4:1.