"Komandamdan razı qaldım. Topa nəzarət etməyə çalışdıq. Hücumda istədiyimizi edə bilmədik. Meydanda taktiki mübarizə gedirdi. Ümumiyyətlə, 60-cı dəqiqədən sonra daha açıq futbol getdi. Futbolçumuz zədə aldı və azlıqda olduğumuz epizodda daha diqqətli olmalı idik. Ancaq qol buraxdıq".
Sportnet.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Sadıqov yoldaşlıq görüşündə Ukraynaya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- 5 müdafiəçi ilə oynadınız. Bu barədə nə deyə bilərsiniz?
- Bir neçə sistem üzərində dayanacağıq. Bu gün rəqibin oyun üslubuna uyğun belə oynadıq.
- Barış Ekincier, Anton Krivotsyuk və Renat Dadaşov yox idi. Onların yerləri görünürdü?
- Əlbəttə, ötən tsikl boyu hazırladığım futbolçular idi. Düzdü, onların yoxluğu itki idi. Lakin belədə, digər oyunçuları sınamaq şansım oldu.
- Millimiz həddən artıq aqressiv idi. Bu cür futbolla rəsmi oyunlarda azlıqda qalacağıq...
- Kökçü ilk sarı vərəqəni lazımsız yerdə aldı. Ümumilikdə aqressiv futbol oynamağımızı istəyirdim. Əlbəttə, aqressiv futbol da qaydalar çərçivəsində olmalıdır.
- Renat Dadaşov ilə münasibətlər necədir?
- O, əsas millidə oynamaq istəyir. Ancaq seçmə tsikl öncəsi bir daha söhbət edəcəm. Əgər əsas yığmaya cəlb olunmasa, bir də U-21-ə dəvət alacaq.
- Barışın durumu nə yerdədi?
- Ürəyindən əməliyyat olunacaq. Bundan sonra 6 ay bərpa keçməlidi. Ümid edirəm ki, sentyabr-oktyabr aylarına tam bərpa olacaq.
- Ötən il Antalyada təlim-məşq toplanışı keçdiniz. Bu il də eyni addım atılacaqmı?
- Hələlik tərəddüd içərisindəyəm. Çünki legionerləri həmin vaxt yığmaya dəvət edə bilmirəm. Püşkatmanı gözləyirəm. Hələlik qərar verməmişəm. (Sport24.az)