"Qarabağ” oyuna diqtə edən tərəf idi. Oyunu əks-hücum üzərində qurmuşduq. Bacardığımız qədər müdafiə olunduq. İlk hissədə bir qol fürsətimiz oldu ki, onu da dəyərləndirdik. "Qarabağ” güclü komandadır, yaxşı futbolçuları var. Bizə bu komanda ilə oynamaq çətin idi. Bu gün uşaqlar sona kimi döyüşdülər, meydanda canlarını qoydular. Komandanın müdafiə xəttində sərgilədiyi oyundan razı qaldım. Məncə, 1:1 hesabı bizim üçün qələbəyə bərabər nəticədir. "Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 48 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Marko Deviçin durumu nə yerdədir?
- Bazar ertəsindən kollektiv məşqlərə başlayacaq. Ola bilsin, növbəti tur matçında meydana çıxsın.
- Real yanaşsanız, hazırkı durumunuz nəyə imkan verir?
- Mövsümə başlayanda Premyer Liqada qalmağı düşünürdük. Amma 9 xal topladıqdan sonra hamı bizdən yüksək nəticələr gözləyirdi. Amma mən "bəlkə bir az yavaşıyam" deyirdim. Hazırkı imkanlarımız daxilində mübarizə aparırıq. 4-5 yeni futbolçuya ehtiyacımız var. İstədiyim futbol bu deyil. Əlimizdəki materialla bunları ediriksə, qoyub qaçası deyilik ki?!