Ardıcıl 6-cı dəfə təşkil etdiyimiz "İlin qalibləri-2018" layihəsi çərçivəsində "Qar6" adlı mükafatlandırma mərasimi ilə bağlı fikir-təəssüratlarımı bölüşmək istərdim.
Çoxsaylı təbriklər, xoş sözlərlə yanaşı, az da olsa, tənqidi fikirlərə rast gəldim, dostyana qeydlər eşitdim. Bütün bunlar bir daha sorğu-mükafatlandırmaya marağın get-gedə çoxalmasından xəbər verir.
Sorğu aparmaq elə də asan deyil. Xüsusən, respondentlərin əhatə dairəsi geniş olduqda bu, daha da çətinləşir. İdman Araşdırmalar Mərkəzi olaraq, 2013-cü ildən start verdiyimiz bu layihədə yalnız idman jurnalistlərinin iştirakını məqsədəuyğun saymışıq. İlk dəfə sorğu cəmi 34 KİV arasında aparılmışdısa, indi respondentlərin sayı az qala ikiqat artıb, 60-a çatıb.
Əlbəttə, sorğunu bundan da böyük miqyasda etmək olar, geniş kollektivi olan KİV-lərdən bir yox, bir neçə idman jurnalistinin rəyini öyrənmək mümkündür. Amma fikrimcə, elə hazırkı format da özünü doğrultmaqdadır.
Sorğu keçirmək öz yerində, bundan da çətin məsələ mükafatlandırma mərasiminin təşkilidir. Biz hansısa dövlət qurumu deyilik ki, əlimizdə inzibati yollarla təsir mexanizmi olsun. Yalnız şəxsi əlaqələr, qarşılıqlı hörmət, israrlı, ərkyana xahişlər, bizə dəstək verməyə hazır olan dostlar hesabına nəinki qalibləri, hətta onları mükafatlandıracaq şəxsləri, çoxsaylı media nümayəndələrini bir araya gətirə, onların hamısı üçün uyğun gün, uyğun saat təyin edə bilirik. Hələ üstəlik, hər tədbirimizə minimum bir sponsor cəlb etmək, mükafatlandırma üçün münasib məkan tapmağın çətinliklərini demirəm.
Biz qalibləri hansısa məşq və ya mətbuat konfransı vaxtı mükafatlandırmağın ən asan yol olduğunu bilirik. Amma həyata keçirdiyimiz bütün mükafatlandırma mərasimlərinin qaliblərin adlarına layiq olması üçün əlimizdən gələni edirik.
Məsələn, elə ötən gün mükafatlandırdığımız Cavid İmamverdiyevlə Samir Abasovu əslində 2017-2018 mövsümündə son turun "Sumqayıt" - "Zirə" matçından əvvəl stadiondaca təltif etmək istəyirdik. Bu oyun Avropa Liqasına vəsiqənin taleyini həll edə bilərdi. Həmin vaxt 2017-2018 mövsümünün futbolçusu seçilmiş İmamverdiyev də, "Böyükağa Hacıyev mükafatı"na layiq gördüyümüz Abasov da "Sumqayıt"da idi. Oyun isə "Kapital Bank Arena"da keçirilirdi. Bu görüşdən əvvəl azarkeşlər önündə həm futbolçuya, həm də baş məşqçiyə mükafat təqdim etmək "Sumqayıt"ın lehinə işləyə bilərdi. İmamverdiyev Azərbaycanda ilk dəfə Premyer Liqadakı 8 klubdan 189 futbolçu arasında aparılmış sorğu nəticəsində qalib adını qazanmışdı. Abasovu isə mərhum Böyükağa Hacıyev kimi jurnalistlər üçün maraqlı persona olaraq, təltif etmək istəyirdik.
Amma bu istəyimizi Peşəkar Futbol Liqasına bildirəndə gözlənilməz reaksiya ilə üzləşdik. Qurumun prezidenti Ramin Musayevlə iki saatadək davam edən söhbətin yekununda qərara alındı ki, "Sumqayıt" klubunun gənc və perspektivli, çox hörmətli və kreativ düşüncəli prezidenti Riad Rəfiyevə müraciət olunsun. O, razılıq versəydi, mükafatı elə hakimin start fitindən əvvəl azarkeşlər önündə təqdim edəcəkdik. Amma Rəfiyev cənabları əvvəlcə Ramin Musayevə, sonra isə mənə bildirdi: "Bu, həyatımın ən vacib oyunudur. İmamverdiyevə mükafat versəniz, özünü göylərdə hiss edəcək. Nəticədə oyunu alınmayacaq, yanacaq və "Sumqayıt" da qələbə istəyinə çata bilməyəcək".
Təklif etdi ki, Abasova mükafatı oyundan sonra mətbuat konfransında, İmamverdiyevə isə mövsüm bitdikdən sonra hansısa bərkgedən restoranda təqdim edək. Daha sonra nazirlərdən betər "Yanıma gələnlər var, danışa bilmirəm" deyərək, öz aləmində bizi "yola saldı". Amma biz belə "kreativ ideya"ları qəbul edə bilməzdik.
Bununla da baş məşqçi və futbolçunun isti-isti mükafatlandırması baş tutmadı. "Sumqayıt" isə "Zirə"yə uduzaraq, avrokuboklardan kənarda qaldı. Abasov dərhal baş məşqçi postundan istefa verdi, İmamverdiyev isə yayda debütant "Sabah" klubuna keçdi. Mükafatlandırma da ki mövsümün yox, ilin sonunda gerçəkləşdi. Artıq nə Abasov, nə də İmamverdiyev "Sumqayıt"da idi. Hərçənd, Rəfiyev özünə məxsus olduğu deyilən 3R menecer şirkətinin futbolçusu ilə daha bir il müqavilənin qüvvədə olduğunu və 2018-2019 mövsümündə də onun komandada qalacağını israrla vurğulayırdı.
Beləliklə, həm İmamverdiyev, həm də Abasovu "İlin qalibləri-2018" tədbirində mükafatlandırası olduq. Bu mərasimdə isə İmamverdiyevlə yanaşı, Mirabdulla Abbasovun timsalında "Sumqayıt"ın sabiq futbolçuları da, sabiq baş məşqçisi də, hətta sabiq prezidenti Kamran Quliyev də iştirak edirdi. "Ofsayd"da qalan isə məhz xoşniyyətli xahişimizi bəddua ilə geri çevirən Riad müəllim idi...
Mükafatları təqdim etmək üçün dəvət olunan şəxslərə də nəzər yetirmək istərdim. Bəzən dostlarımız onların əksəriyyətinin hər dəfə eyni şəxslərdən ibarət olduğunu deyərək, bu tərkibdə müəyyən dəyişikliklər etməyimizi istəyirlər. Amma onu nəzərə almaq lazımdır ki, soyuq qış günlərində, yağışda-qarda əziyyət çəkib tədbirimizə təşrif buyuranların bizim qarşımızda hər hansı öhdəlikləri yoxdur. Onların gəlişi yalnız bizə olan hörmətdən, şəxsi keyfiyyətlərindən asılı məsələdir. Onlar da bəziləri kimi tədbir ərəfəsində və ya tədbir günü xəstələnə, tədbir saatlarında xaricə uça, tədbirə bir saat qalmış tıxacda qaldığını və ya yasının düşdüyünü səbəb göstərərək, gəlməyə bilərdilər. Amma Ağasəlim Mircavadov kimi yasının düşməsinə rəğmən, tədbirimizdə sonadək qalmağı, Vaqif Sadıqov kimi öz tədbirinin təxirə salındığını öyrəndikdən sonra mərasimə 10-15 dəqiqə qalmış xahişimizi yerə salmayaraq, özünü Bakı Olimpiya Stadionuna çatdırmağı, razılaşın ki, hər kəs etməz.
Əvvəlki tədbirlərimizlə müqayisədə, ilk dəfə idi ki, İlin idman xadimi seçilən şəxs - Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov mükafatlandırma mərasiminə şəxsən təşrif buyurmuşdu. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun da ilin sonunda işlərinin çoxluğuna rəğmən dəvətimizi qəbul etmələri heç də sadə məsələ deyildi. İlk dəfə idi ki, fərdi mükafata layiq görülən şəxslərin hamısı tədbirimizdə iştirak edirdi. Telekanallar, agentliklər, idman saytları qaliblərin əksəriyyətinin fikirlərini öyrənirdilər. Təsəvvür edin ki, tədbirimizin yubanmasının səbəblərindən biri də elə bu müsahibələr oldu.

Bəzən dostlar bütün bu işləri təkbaşına gördüyümü bildirirlər. Amma bunlar bir komanda işinin məhsulu, "Topaz"ın baş sponsorluğu, "Il Azero" şirkətinin sponsorluğu, ardıcıl ikinci ildir Bakı Olimpiya Stadionunda arena rəhbərliyi, şəxsən mətbuat katibi Jamilia Mehdiyeva tərəfindən bizə tədbir üçün təmənnasız böyük bir zalın ayrılması, çalışdığım kollektivin birgə səyi və əlbəttə, medianın inanılmaz marağı nəticəsində ərsəyə gəlmiş mərasim idi. Fürsətdən istifadə edərək, əməyi keçənlərin hamısına təşəkkürümü bildirirəm.
Əlbəttə, hər bir mükafatlandırma mərasimində çatışmazlıqlar qaçılmazdır. Biz də ildən-ilə təkmilləşdirmə aparır, yalnız rəqabətə davamlı nominasiyaları saxlayır, il ərzində fərqlənənlər üçün sorğu aparmadan belə mükafatlar təsis edirik. Bu dəfə tədbirimiz "Qar6" adlansa da, əsas odur ki, mərasimin gedişinə xələl gətirəcək hal baş vermədi. Növbəti tədbirlərin daha səviyyəli, daha maraqlı olması diləyilə...
Elşən MƏMMƏDOV