Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə təlim-məşq toplanışlarına qatılacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a yığmanın baş məşqçisi Vüqar Məmməd məlumat verib. 41 yaşlı mütəxəssis bildirib ki, Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu keçirəcəklər. Milli yanvarın 21-də Rusiya "Krasnodar"ının 3-cü komandası, yanvarın 24-də Küveytin U-19 yığması, yanvarın 30-da Moskva "Dinamo"sunun əvəzediciləri ilə üz-üzə gələcək. Komandanın yanvarın 27-dəki rəqibi isə hələlik bəlli deyil.
V. Məmməd fevralda İspaniyada nəzərdə tutulan hazırlıq prosesindəki rəqibləri də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan yığması fevralın 12-də İspaniyadan olan həmyaşıdları, fevralın 14-də yerli "Mursiya"nın U-18 komandası, fevralın 17-də Şotlandiyanın eyni yaş qrupu üzrə millisi ilə qarşılaşacaq.
Avropa çempionatının elit-raundu üçün hazırlıqlar yanvarın 12-də Bakıda başlanacaq. Türkiyə toplanışı 19 - 31 yanvarda, İspaniya təlimləri isə 10 - 18 fevralda olacaq.
Qeyd edək ki, Azərbaycanın U-19 yığması Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də meydan sahibləri, martın 23-də İrlandiya, martın 26-da Rumıniya ilə qarşılaşacaq.