
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə” komandasının yoxlama görüşlərindəki daha 2 rəqibinin adı müəyyənləşib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qartallar" yanvarın 23-də Ukrayna "Vorskla”sı, yanvarın 26-da isə Makedoniya "Şkupi”si ilə üz-üzə gələcək. Bundan başqa, yanvarın 18-də "Zirə" ilə qarşılaşmalı olan Rumıniya "Konkordiya”sı təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin "Voluntari” komandası olacaq.
Qeyd edək ki, "Zirə” Antalyada ilk oyununa yanvarın 15-də çıxacaq. Rəqib Qazaxıstan "Taraz”ı olacaq. "Vorskla" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub. İki komanda arasında Bakıdakı görüşdə Ukrayna, Poltavadakı qarşılaşmada Azərbaycan təmsilçisi eyni hesabla qalib gəlib - 1:0.