Türkiyənin Antalya bölgəsində toplanışda olan "Sabah" klubunun səhər məşqi ləğv olunub.
Klubdan Sportnet.az-a verilən məlumata görə, buna aramsız leysan yağışları səbəb olub. Debütant məşqini nəzərdə tutulduğu saatdan bir qədər gec başlamaq istəsə də, yağış dayanmayıb. Nəticədə baş məşqçi Elşad Əhmədov günü yalnız axşam məşqi ilə tamamlamağa qərar verib. Həmin məşq isə Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Daha əvvəl "Qarabağ"ın Rumıniya "Botoşani"si ilə yoxlama oyunu eyni səbəbdən ləğv olunub.
Qeyd edək ki, "Sabah" Antalya toplanışı çərçivəsində ilk görüşündə Türkiyə "Eskişehirspor"una qalib gəlib - 1:0. Növbəti yoxlama oyununda rəqib Qazaxıstan "Tobol"u olacaq. Görüş yanvarın 16-da keçiriləcək və Bakı vaxtı ilə 17:00-da start götürəcək.