“Bu komandaya qoşulduğum ilk gündən uyğunlaşma ilə bağlı hər hansı çətinlik olmadı. Çünki burada əla kollektiv var".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin yeni transferi Davit Volkovi Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını dəyərləndirərkən deyib. Gürcüstanlı hücumçu "qırmızı-qaralar"ın heyətində özünü əla hiss etdiyini bildirib: "Qəbələ” çox yaxşı klubdur. Burada yaxşı insanlar, yaxşı futbolçularla tanış oldum. Bütün bunlar da uyğunlaşma prosesinin tez və asanlıqla keçməsinə təkan verdi. Özümü burada əla hiss edirəm. Sanki çoxdandır bu komandadayam. Təlim-məşq toplanışı da çox yüksək səviyyədə keçir. Hazırlıq prosesləri xoşuma gəlir”.
Volkovi Rusiya “Yenisey”i ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunu və komandasının durumu barədə də danışıb: “Yenisey”lə yoxlama görüşündə start heyətində yer aldım. Düşünürəm ki, normal oyun nümayiş etdirdim. Düzdür, qalib gələ bilmədik. Amma bütün komanda bu qarşılaşmada yaxşı oynadı. Özümü həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hiss edirəm. Baş məşqçi şans versə, mövsümün ikinci yarısının görüşlərində də bütün bacarığımı ortaya qoyacağam. Mövsümün ikinci yarısının startına qədər komanda da tam hazır olacaq. "Qəbələ" mükafatçılar sırasına düşmək gücündədir. Komandamızda yaxşı futbolçular və məşqçilər korpusu var. Onlarla bir yerdə oynamaq, belə mütəxəssislərlə çalışmaq xoşdur”.
Qeyd edək ki, Davit Volkovi yanvarın 11-də "Qəbələ" ilə 1 illik müqavilə imzalayıb.